CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə halları artırılır

Peşə təhsili alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ veriləcək.
Sputnik

BAKI, 24 aprel — Sputnik. Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar artırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, 45.1.9-cu maddədə "və ümumtəhsil" sözü ", habelə peşə təhsili və ümumi təhsil" sözləri ilə əvəz edilir. Hazırda isə 45.1.9-cu maddədə "Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda" sözləri göstərilir. Beləliklə, peşə təhsili alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq hüququ veriləcək.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.