RUSİYA

Neftin qiymətinə görə müəmmalı telefon danışığı - ultimatum olub?

ABŞ təmsilçisi Səudiyyə Ərəbistanının Putinə qarşı irəli sürəcəyi təklifi bilib, lakin ona qarşı veto tətbiq etməyib
Sputnik

BAKI, 22 aprel — Sputnik. Martın əvvəli OPEC+ iştirakçılarının neft hasilatının azaldılmasına dair razılığa gəlmədiyi iclasdan əvvəl Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında sərt telefon danışığı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Middle East Eye" onlayn jurnalı yayıb.

"Neft ixrac edən və tam üzən rejimə malik ölkələrin valyutası devalvasiyaya uğrayıb"

Nəşrin məlumatına görə, telefon danışığı zamanı şahzadə aqressiv olub və Putinə qarşı ultimatum irəli sürüb. O bildirib ki, əgər razılaşma əldə olunmasa, Səudiyyə Ərəbistanı qiymət müharibəsinə başlayacaq.

"Putin bu şərtdən imtina edib və telefon zəngi pis başa çatıb", - deyə adını açıqlamayan səudiyyəli məmur bildirib.

Qeyd olunur ki, Putinlə danışmamışdan qabaq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Birləşmiş Ştatlar Prezidentinin Yaxın Şərq üzrə müşaviri Cared Kuşnerlə danışıb. ABŞ təmsilçisi Səudiyyə Ərəbistanının Putinə qarşı irəli sürəcəyi təklifi bilib, lakin ona qarşı veto tətbiq etməyib: "Bin Salman məhz bundan son nəticəni çıxardıb".

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə telefon danışığı zamanı Putin və şahzadə Salmanın bir-birinə qışqırmasına dair xəbərin həqiqətə uyğun olmadığını bildirib.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.