BAKI, 22 aprel — Sputnik. Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.
Təkliflərə əsasən, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması nəzərdə tutulur.
Bundan başqa, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması nəzərdə tutulur.