MƏDƏNİYYƏT

Azərbaycanın Xalq artisti xanımı ilə birlikdə avstriyalı fanatlarını əyləndirdi

Azərbaycanlı vokalçı Yusif Eyvazov xarici həmkarları ilə birlikdə Avstriyada birgə konsert proqramı ilə çıxış edib.
Sputnik

BAKI, 22 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti, məşhur tenor Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın xalq artisti Anna Netrebko və digər həmkarları ilə birlikdə “Biz Avstriya üçün oxuyuruq” adlı konsert proqramı ilə çıxış edib. Bu barədə Sputnik Azərbaycan-a vokalçı özü məlumat verib.

Tədbir Vyana Dövlət Operası tərəfindən təşkil edilib. Çıxış Avstriyanın ORF Teleradio Şirkəti tərəfindən yayımlanıb. Proqramda Eyvazov və Netrebko ilə yanaşı, dünya şöhrətli vokalçılar - Xuan Dieqo Flores, Valentina Nafornitse, Yelena Maksimova, Yonas Kaufman və başqaları iştirak ediblər. Onlar koronavirus pandemiyasına görə evdə oturmağa məcbur olan pərəstişkarlarını sevindiriblər. Vokalçılar ən məşhur opera kompozisiyalarını ifa ediblər.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.