CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şərait olsa, iki dəfə qəbul imtahanı olacaq, olmasa...

"Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da onlayn, yoxsa oflayn keçirilməsi müzakirə olunur" - Məleykə Abbaszadə
Sputnik

BAKI, 21 aprel — Sputnik. Məktəblər açılan kimi sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu bitəndən sonra yığılan məlumatların müəyyənləşməsi üçün müəyyən vaxt lazımdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, imtahanların vaxtı elan olunanda ondan əvvəl sənəd qəbulunun da qrafiki açıqlanacaq: "Sənəd qəbulunu indi elan etsək, kimin kompüteri var o, qeydiyyatdan keçəcək. Amma şəraiti olmayan şəxs kənarda qalacaq. Ona görə də ədalətlilik prinsipini qorumalıyıq".

M.Abbaszadə həmçinin bildirib ki, onlayn imtahan keçirmək üçün DİM hazırdır. Lakin təhlükəsizliyi izləmək çox ciddi məsələdir və bunu təmin etmək üçün böyük maddi resurs lazımdır.

"Bu imtahanlarda tək onlayn yox, oflayn imtahanlar da müzakirə olunur. Bununla bağlı Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Onların teledərslər aparması təcrübəsini də öyrənirik", - deyən Abbaszadə vurğulayıb ki, hazırda Nazirlər Kabinetinin magistratura səviyyəsi üzrə vakant yerlərin sayının təsdiqi gözlənilir.

Məhz bundan sonra ixtisas seçimi mərhələsinə başlanacaq.

"Yalnız qabiliyyət imtahanı məsələsi qalıb, bunun da onlayn, yoxsa oflayn keçirilməsi müzakirə olunur", - deyə o əlavə edib.

M.Abbaszadə qəbul imtahanlarının keçiriləcəyi formatdan danışıb.

O bildirib ki, qəbul imtahanlarının keçirildiyi format sual altındadır. Çünki bu da sanitar-gigiyenik qaydalara uyğun keçirilməlidir.

Mətbuat konfransında imtahan ödənişi ilə bağlı məsələyə də toxunulub.

Belə ki, DİM sədri bildirib ki, imtahanların ödənişli olması ilə bağlı məsələni dövlət tənzimləyir.

Onun sözlərinə görə, şərait imkan versə, ildə iki dəfə qəbul imtahanı (yaz və yay) keçiriləcək. Əks təqdirdə, bir dəfə qəbul imtahanı keçiriləcək: "Bu gün üçün bizə hər hansı məhdudiyyət qoyulması barədə heç bir söz deyilməyib. Ümid edirəm ki, hər şey öz qaydasında olacaq".