Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 21 aprel — Sputnik. Bütün dünyanı ağuşuna alan COVID-19 virusuna yoluxanlarla bağlı rəqəmlərin öncəki həftələrlə müqayisədə daha az olması yaxın günlərlə bağlı pozitiv proqnozlar verməyə əsas verir. Öncəki günlərlə müqayisədə Azərbaycanda yoluxanların sayında azalması insanlarda tezliklə hər şeyin qaydasına düşəcəyi, həyatın normal axara qayıdacağı fikrini formalaşdırıb.
Bəzi məlumatlara görə, mart və aprel aylarında toylarını təxirə salmış şəxslər artıq şadlıq saraylarına üz tutmaqdadırlar. Sputnik Azərbaycan may-iyun aylarında şadlıq saraylarındakı vəziyyətlə maraqlanıb.
Əlaqə saxladığımız şadlıq sarayları maya təyin olunan toyların aqibətindən danışıblar. Onlar bildirilər ki, maya təyin olunan toyların hamısının tarixi dəyişdirilib. Hələlik bu gedişlə may ayına toy nəzərdə tutulmayıb. Amma şadlıq saraylarından onu da bildirilər ki, karan bu dəfə uzadılmasa, yəni mayın 4-də başa çatsa, yəqin ki, gələn toy etmək istəyənlər olacaq.
Restoran sahiblərinin sözlərinə görə, əvvəlki aylara təyin olunan toyların tarixi iyun, iyul, avqusta çəkilib. Bundan başqa, tarixən Azərbaycanda may ayında toy etməmək adəti var. Bu dəfə isə may ayının böyük hissəsi Ramazan ayına təsadüf edir. Bu səbəbdən də, şadlıq saraylarının rəhbərləri bu ayda ciddi aktivlik gözləmirlər. Amma yenə də, karantin rejimi başa çatdığı təqdirdə xüsusilə tələsən cütlüklərin müraciət edə biləcəyini bildirilər.
"Kim istəsə, gəlib mayın 4-dən sonraya toy təyin edə bilər. Amma karantin davam edərsə, bu zaman vaxt dəyişəcək. Ola bilər ki, karantin daha 2 həftə də uzadılsın. Yəni, bu ehtimal da var. Mayın 4-nə kimi biz də qadağanın davam edib-etməyəcəyini biləcəyik. Necə ki, bir neçə gün öncə karantin müddətinin yenidən artırılacağı açıqlandı, bu dəfə də öncədən bir məlumat veriləcək. Artırılmasa, elə orucluqda da toy edə bilərsiniz", - deyə restoranlardan birinin sahibi əlavə edib.
Onlar elə iyun və sonrakı ayların da hələ qeyri-müəyyən olduğunu, müraciətlər olsa da, dəqiq vaxt demədiklərini bildirilər.
Qiymətlərə gəldikdə isə restoran sahibləri nə azalma, nə də artım olduğunu və qiymətlərdə hansısa dəyişikliyin proqniozlaşdırılmadığını deyirlər.
Hələlik isə restoran sahibləri nikbinlik nümayiş etdirərək, gələn aydan vəziyyətin onların xeyrinə dəyişəcəyinə ümid edirlər.