CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusla bağlı suallar imtahana salına bilər

"İmtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən müəyyən ediləcək"
Sputnik

 

BAKI, 21 aprel — Sputnik. "İki ildir ki, onlayn resurslarımız  "Youtube" kanalımıza yerləşdirilmişdi. Kimsə hansı mövzunu keçməyibsə, "Youtube" kanalımızda o dərslərə yenidən baxa bilər. Hər bir mövzu 7-10 dəqiqəni əhatə edir. Vətəndaşların 90 faizində telefon var. Dərsliklər də hamıya məktəbdə verilib. Dərslərin iki ay olmaması psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsənilməsində problem yaranır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, imtahana aid bütün proqramlar hələ noyabr- dekabr ayında elan olunub. Odur ki, imtahanlara salınacaq proqramlar da Təhsil Nazirliyi ilə razılaşdırılacaq.

M.Abbaszadə vurğulayıb ki, biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq.

Onun sözlərinə görə, qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaq əsas hədəfdir.

Belə ki, kiminsə internetə əlçatmazlığı və imtahanda iştirak etməsi üçün lazımi qurğunun olmaması onun qiymətləndirmədən kənarda qalması demək deyil. Bu səbəbdən də DİM bütün alternativ addımları nəzərdən keçirir.

Hal-hazırda təxirə salınan bəzi imtahanların formatı müəyyənləşdiriləcək.

"İmtahanlarımız kütləvi şəkildə həyata keçirilir. İmtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən ediləcək. Keçiriləcək imtahanlarda bir partanın arxasında bir abituriyentin oturması nəzərdə tutulur. Əvvəl stol arxasında iki nəfər otururdu. İndi əsas məsələ sanitar gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Abituriyentlər arasında 1 metr məsafə olmalıdır. Biz bu normativləri nəzərə alacağıq", - deyə o bildirib.