CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya Azərbaycan ixtiraçılarını həvəsə gətirib: "atlı"ya da olar, piyadaya da

"İlkin model olaraq belə piyada keçidlərinin, piyada tunellərinin hazırlanmasını düşündük. Artıq bu modellər yığılır. Digər model isə fərdi avtomobillər üçün keçidlərin yaradılmasıdır"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Elektron maskadan sonra Azərbaycan koronavirusla bağlı daha bir ixtiraya imza atmaq niyyətindədir. Patentlik hüququ alınıb, ilkin ixtiraçının Elşən Rəhimov olduğu təsdiqlənərsə, bu zaman ölkəmiz piyada keçidləri və tunellərə görə daha bir yeniliklə əlaqədar ixtiraçı ölkə kimi tanınacaq.

Sputnik Azərbaycan bu ideyanın müəllifi olan Elşən Rəhimovla gördüyü iş barəsində danışıb. Şirkət rəhbəri, sahibkar E.Rəhimov bunadək əsas fəaliyyətlərinin yük avtomobillərində soyuducuların quraşdırılmasına yönəldiyini, daha çox bu istiqamətdə ixtisaslaşdıqlarını deyir: "Dezinfeksiyaedici keçid və tunellərin yaradılması ilə bağlı ideya isə birdən-birə ağlıma gəldi. Bütün dünyada koronavirus tüğyan etdiyi üçün belə qərara gəldim ki, dezinfeksiyaedici piyada keçidləri quraşdıraq. Bu səbəbdən ilkin model olaraq belə piyada keçidlərinin, piyada tunellərinin hazırlanmasını düşündük. Artıq bu modellər yığılır. Digər model isə fərdi avtomobillər üçün keçidlərin yaradılmasıdır. Fərdi avtomobillər bu keçidlərdə təmizlənərək hərəkətlərinə davam edə biləcək. Bundan başqa, ağır çəkili yük avtomobilləri üçün də dezinfeksiya keçidləri yaradacağıq".

Onun sözlərinə görə, bu keçidlər fərdi ölçülərdə olacaq, sifarişdən asılı olaraq qabaritlər dəyişəcək. E.Rəhimov xammalın daxili bazardan əldə edildiyini söyləyir: "Hər şey ölçülüb-biçilir, kəsilir və quraşdırılır. Bu keçid və tunellərin içinin avtomatikası da Avropa istehsalıdır. Onu da buradan alırıq".

İxtisasca energetik olan həmsöhbətimiz deyir ki, bu cür keçidləri istənilən obyektin girişində quraşdırmaq mümkündür: "Tunellərimiz şəhər içi üçün nəzərdə tutulub. İstənilən şəxs bu keçidlərə daxil olmaqla dezinfeksiya oluna bilər. Artıq müxtəlif banklar, ofislər, marketlərdən sifarişlər qəbul etmişik".

Pandemiya Azərbaycan ixtiraçılarını həvəsə gətirib: "atlı"ya da olar, piyadaya da

"Lakin hələlik uyğunluq sertifikatı almayanadək bu tunel və keçidlər quraşdırıla bilməz. Mən özüm bir ixtiraçı kimi həm də patentlik hüququ alacam. Bizim istehsaldan Türkiyədə yoxdur", - deyə o əlavə edir.

Qiymətlərlə bağlı hələlik heç nə demək olmaz. E.Rəhimov bildirir ki, bütün işlər həll olunduqdan sonra bəlli bir qiymət qoyulacaq: "Hər halda qiymətlər münasib olacaq".