Dünyanın ən nüfuzlu beynəlxalq fotojurnalistika müsabiqələrindən birinin finalçıları nəticələrlə bağlı elanları səbirsizliklə gözləyirlər. Axı bu nüfuzlu mükafatın qalibləri bütün dünyada tanınırlar.
Sayca 63-cü müsabiqəyə bu il 125 ölkədən dörd mindən çox iştirakçı 74 minədək fotoşəkil göndərib.
2020-ci ilin əsas qalibi AFP agentliyi ilə əməkdaşlıq edən Yaponiyadan olan fotoqraf Yasuyosi Tibanın işi olub. Onun şəklində 19 iyun 2019-cu ildə Sudanda keçirilmiş etiraz aksiyası əks olunub. Bu aksiyanın iştirakçıları hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş hökuməti dəyişdirməyi tələb edirlər. Mərkəzdəki gənc cib telefonlarının işığında inqilab haqqında bir şeir oxuyur. Həmin foto "Xəbərlər" kateqoriyasında əsas mükafata layiq görülüb.