Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 20 aprel — Sputnik. Bu gün bütün dünyanı cənginə alan koronavirusla bağlı hələ də bir neçə sual açıq olaraq qalır. Ötən günlərdə Tailandda virusun həkimə meyitdən keçməsi və onun bu virusdan ölməsi hadisəsi isə yeni bir sualı ortaya atdı: Həqiqətən də koronavirusdan dünyasını dəyişən birinin meyitindən virus keçə bilərmi?
Sputnik Azərbaycan-ın bu sualını Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti Samir Cavadov cavablayıb. O, bu ehtimalların nə dərəcədə real olub-olmamasından bəhs edib: "Koronavirusdan qorunmaq üçün bir sıra gigiyenik qaydalara əməl etmək lazımdır. Qeyd edim ki, əhalinin digər kütləsi ilə müqayisədə daim bu xəstələrlə ünsiyyətdə olan həkimlər risk qrupundadırlar. Lakin onu da bildirim ki, canlıdan fərqli olaraq bu virusun meyitdən keçmə ehtimalı mümkünsüzdür".
"Çünki biz deyirik ki, koronavirus hava-damcı yolu ilə keçir. Meyit isə nəfəs almadığından koronavirusun meyitdən keçmə ehtimalı mümkünsüzdür. Bu virus hüceyrənin daxilindədir. Meyitdə də hava-damcı axını olmadığından belə yolla birbaşa yoluxma mümkün deyil", - deyə S.Cavadov bildirib.
S.Cavadov qeyd edib ki, fərdi qoruma vasitələrində hansısa nöqsan olduqda, gigiyenik qaydalara əməl etmədikdə həkim yoluxa bilər.
Qeyd edək ki, artıq Tailandda baş verən bu hadisə infeksionistləri yenidən həyəcan təbili çalmağa vadar edib. Onlar hətta məhkəmə tibbi-ekspertiza ilə məşğul olan şəxslərin də xüsusi qoruyucu geyimləri geyməsinin, maska və əlcək taxmasının vacibliyini bildiriblər.
Xatırladaq ki, artıq bir çox ölkələrdə dəfn mərasimlərini icra edən şəxslər xüsusi qoruyucu geyimlər geyərək, maska və əlcəklər taxırlar.