RUSİYA

Xəstəliyin pik nöqtəsi hələ qabaqdadır – Putin açıqladı

Prezident: "Biz bunu anlayırdıq, buna hazır idik. Biz bilirdik ki, epidemiya digər regionlara da yayılacaq".
Sputnik

 

BAKI, 20 aprel — Sputnik. Rusiyada koronavirusun yayılması davam edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədəki sanitar-epidemioloji vəziyyətə dair keçirdiyi iclasda bildirib.

"Bilirsiniz ki, vəziyyət çətin olaraq qalmaqdadır, çox təəssüflər olsun ki, epidemiyanın yayılması davam edir. Koronavirusa yoluxanların sayı artır, özü də təkcə Moskvada yox. Biz bunu anlayırdıq, buna hazır idik. Biz bilirdik ki, epidemiya digər regionlara da yayılacaq. Bu prosesi profilaktik tədbirlər hesabına müəyyən qədər yavaşıtmaq olub", - deyə Rusiya Prezidenti vurğulayıb.

Azərbaycanda koronavirusa 38 yeni yoluxma qeydə alınıb

Putin eyni zamanda xəstəliyin pik dövrünün keçmədiyini də xatırladıb: "Epidemiyanın piki hələ qabaqdadır və indi biz bu pik nöqtənin daha yumşaq keçməsi üçün əlimizdən gələn hər şeyi etməliyik".

Qeyd edək ki, bir sutka ərzində Rusiyanın 76 regionunda 4 min 268 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Bir gün ərzində qonşu ölkədə 44 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 47121-yə çatıb. Bu virusa yoluxan 405 nəfər isə vəfat edib. Bir sutka ərzində Rusiyada virusdan sağalanların sayı 115 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 3446-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,4 milyonu keçib, 165 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.