CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı dünyanın yeganə nəhəngini qəbul elədi - VİDEO - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir
Sputnik

BAKI, 19 aprel — Sputnik. Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib.

Aeroportdan Sputnik Azərbaycan-a verilən məlumata görə, əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

"Mriya"  aviasiya tarixində dünyanın ən iri və ən ağır yükgötürmə qabiliyyətinə malik olan hava gəmisidir və 1988-ci ildə "Antonov" aviasiya konserni tərəfindən  bir nüsxədə istehsal edilib. Hazırda eyni adlı "Antonov Airlines" yük aviaşirkətinin rəhbərliyi altında istismar olunur.

Bu, "Mriya"nın (Ukrayna dilində "arzu" deməkdir) Bakıda ilk enişi deyil. Heydər Əliyev Beynəlxalq Aeroportu belə böyük təyyarəni qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin dünyanın ən iri "Airbus A380" sərnişin laynerini  dəfələrlə qəbul edib.