BAKI, 19 aprel — Sputnik. Uhan Virusologiya İnstitutunun başçısı Yuan Çjimin CGTN kanalına müsahibəsində deyib ki, koronavirusun süni mənşəyə malik olması barədə əldə heç bir sübut yoxdur. Sputnik Azərbaycan bildirir ki, onun sözlərinə görə, bu nəticəyə özünün virusologiya biliklərinə əsaslanaraq gəlib.
“Bəzi alimlər hesab edirlər ki, virusun sintezi üçün ekstraordinar intellekt və böyük həcmdə iş tələb olunur. Ona görə də mən heç zaman inana bilmərəm ki, biz insanlar indi belə bir virusu sintez edə bilərik”, - Çjimin deyib.
O vurğulayıb ki, koronavirus infeksiyası işlədiyi institutdan heç cür “çıxa bilməzdi”. Çjiminin sözlərinə görə, institutda ciddi idarəetmə sistemi hökm sürür, tədqiqatlar da ciddi reqlament əsasında aparılır.
Alim bu cür şayiələrin yayılma səbəbini də açıqlayıb. O deyib ki, Virusologiya İnstitutu və BSL-4 laboratoriyası Uhanda yerləşdiyindən insanlarda belə assosiasiya yaranıb.
Bundan başqa, Çjimin senator Tom Kottonun koronavirusun Uhan Virusologiya İnstitutundan yayılması barədə ittihamlarını da şərh edib.
“Heç bir sübut yoxdur, hamısı mülahizədir”, - alim deyib.
Onun təxmininə görə, bunlar ona görə edilir ki, insanları çaşdırsınlar, epidemiya əleyhinə tədbirlərə və hətta institutun elmi fəaliyyətinə mane olsunlar. Çjimin deyib ki, uzun müddətdir laboratoriyanın bioloji təhlükəsizliyinin təminatı ilə məşğuldur və bilir ki, belə bir hal mümkün deyil.