MƏDƏNİYYƏT

Gənc aktrisa: "Biz hələ də qaynana-gəlin problemləri üzərindən iş görürük"

Sənətkar isə hər yerdə gözə görünməli deyil. Söhbət əgər efirdən gedirsə, çıxdığı verilişi, göründüyü efiri, çəkildiyi filmi və ümumiyyətlə hər şeyi dəqiqliyi ilə ölçüb-biçməlidir.
Sputnik

Orxan BAHADIRSOY, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Mətbuat, televiziya həmişə yaşlı, artıq özünü təsdiq etmiş, tanınmış sənət adamları ilə müsahibə qurmağa meylli olur. Çünki belə adamların reytinqi, daimi izləyicisi, pərəstişkarı var. Bu mənada, gənc sənət adamları çox zaman haqsız yerə diqqətdən kənarda qalır.

Bizim budəfəki müsahibimizin isə cəmi 25 yaşı var – 1995-ci ildə Zaqatala şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və Dram Teatrı Aktyorluğu" ixtisasını bitirib. Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. Eyni zamanda, ADO müstəqil teatrında oynadığı müxtəlif rollarla tanınıb. Bir sıra film və seriallara çəkilib.

Sputnik Azərbaycan-ın qonağı gənc aktrisa Günel İmanovadır.

Gənc aktrisa: "Biz hələ də qaynana-gəlin problemləri üzərindən iş görürük"

- Günel İmanova bir teatr aktrisasıdır və günümüzün teatr problemləri ilə söhbətə başlamaq istəyirəm. Azərbaycan teatrının çatışmazlıqları nədir? Bir gənc aktrisa kimi teatrın problemini və onun həllini nədə görürsünüz?

- Azərbaycanda teatrda azadlıq məsələsində problem var. Yəni hal-hazırda biz küçədə tamaşa oynaya bilmirik, performans göstərə bilmirik. Klassik tamaşaları oynamaq gözəldir. Şekspiri də oynaya bilərik, Çexovu da oynaya bilərik, Dostoyevskinin hansısa əsərini tamaşaya qoyub oynaya bilərik. Amma artıq o dövr deyil ki, əsəri olduğu kimi götürək və oynayaq. Tamaşaçı onsuz da tamaşaya gələnə qədər əsəri oxuyur. Bizə lazımdır ki, tamaşanı daha maraqlı göstərək və rejissor gözündə onun başqa tərəflərini ortaya çıxaraq. Yoxsa adi tamaşanın sözlərini aktyorlar öyrənib çıxacaqsa, hər şey eyni ilə əsərdə olduğu kimi olacaqsa, heç bir rejissorun fikri və anlayışı orda olmayacaqsa, bu, nəyə lazımdır?! Artıq o dövr deyil, artıq dəyişməliyik, inkişaf etməliyik bu sahədə.

- Eyni zamanda film və seriallarda rol almısınız. Problemli suallara görə üzr istəyirəm, amma film və seriallarımızın problemli olduğu da məlumdur. Bəs kino sektorumuzun çatışmazlıqları nələrdir?

-Ümumi intellektual filmlər, festival filmlərlə bağlı bizdə əksikliklər var. İkinci növbədə seriallar o qədər də mükəmməl deyil. Biz hələ o qədər Fikrimcə, bu sahədə inkişaf etməmişik. Çünki artıq dünyada hər şey dəyişib, daha rahatçılığa doğru gedir. Amma biz hələ də evdar xanımların evdə oturub baxması üçün seriallar çəkirik. Dünya dəyişib, yəni "Breaking Bad" kimi seriallar var dünyada, bizsə hələ də qaynana – gəlin problemləri üzərindən işlər görürük.

- Sizə teatr aktrisası da dedim, kino aktrisası da. Bəs siz özünüz necə hesab edirsiniz, Günel İmanova teatr adamıdır, yoxsa kino adamı?

- Mən mübarizəmi və fikirlərimi aydın şəkildə izah edə biləcəyim hər sektorda ola bilərəm, teatr və ya kino - fərqi yoxdur. Amma teatr mənim ruhuma daha uyğundur.

- Dramaturq, rejissor və aktyor vəhdətində bir aktrisa kimi sizin arzuladığınız dramaturq və rejissor varmı? Hansı yazıçının əsərində hansı rejissorun quruluşu ilə bir obraz canlandırmağı arzulayırsınız?

- Mən Tarantinonun filmində iştirak etmək istəyərdim. "Anime" rejissor olmağına baxmayaraq, Hayao Miyazaki ilə tanış olmaq istəyərdim. Çexovun əsərlərində oynamaq istəyərdim. Amma ümumi vəhdət olaraq bir-birini tamamlayacaq kim ola bilər, bilmirəm. Bu haqda heç düşünməmişəm. Amma bir rejissorla işləmək istəyim varsa, o rejissor daha intellektual və nəyisə izah etməyə, göstərməyə çalışan, hansısa bir fikri olan bir rejissor olmalıdır. Şəxsiyyət olaraq formalaşmış və özünü tamamilə bilən bir rejissor olmağını istəyərdim. Yəni bir filmi və ya tamaşanı çəkir, səhnələşdirirsə bu adamın bir fikri olmalıdır, tamaşaçıya nəyi izah etməyə, nəyi göstərməyə çalışdığını bilməlidir. Belə bir rejissorla çalışmaq istəyərdim.

Gənc aktrisa: "Biz hələ də qaynana-gəlin problemləri üzərindən iş görürük"

- Klassik və yaxın keçmişin sənətkarları düşünürdü ki, sənət hər zaman əlçatan olmalıdır, sənətkar isə yox. Müasir sənət adamları isə istər-istəməz əlçatan olur və bu əlçatanlılığı lazım hesab edirlər. Bəs sizcə, sənətkarın əlçatan olması sənətə hər hansı avantaj qazandırırmı?

- Əl çatmaq məsələsi deyil. Mən sadəcə düşünürəm ki, tamaşadan sonra obrazlı şəkildə tamaşaçı ilə ünsiyyət qurmaq düzgün deyil. Aktyor əynini dəyişib tamaşaçılarla adi bir söhbət edə bilər. Bu çox normal bir şeydir. Sənin tamaşaçın da başa düşür ki, sənin tamaşana gəlib. Sadəcə olaraq bu divarları ona görə çəkirlər ki, bəzi tamaşaçılar həddən artıq səmimiyyətlə qeyri-etikliyi qarışdırırlar. Qeyri-etik hərəkətlər edərək aktyoru incidə bilərlər. Aktyorlar bu baxımdan həssas olurlar, məncə. Təkcə aktyorlar yox, bütün sənətkarlar – rəssamlar da, musiqiçilər də, rejissorlar da insanlıq baxımından həssas insan olurlar. Onları incitmək asandır. Tamaşaçılar isə bu xətti izləyə bilmirlər. Bəzən incidə bilərlər. Ona görə, o divarlardan çox da uzaqlaşmaq düzgün deyil, səmimi ola bilərik, amma çox yaxınlaşmaq da düzgün deyil, həmin qızıl ortanı tapmaq lazımdır. Sənətkar isə hər yerdə gözə görünməli deyil. Yəni küçədə, metroda-filan normaldır, bunun ona aidiyyatı yoxdur. Söhbət əgər efirdən gedirsə, bir sənətkar doğrudan sənətkardırsa, çıxdığı verilişi, göründüyü efiri, çəkildiyi filmi və s. hər şeyi dəqiqliyi ilə ölçüb-biçməlidir.

- Gələcək planlarınız nədir?

- Gələcək planlarımı hələ də yazıram, biçirəm, düzəldirəm, aydınlaşdırıram. Təhsil almaq, yenidən öyrənmək kimi fikirlərim var. Yaxşı layihələrdə işləmək istəyirəm və mübariz ruhumu daha çox aydınlaşdıra biləcəyim və göstərə biləcəyim işlərlə məşğul olmaq istəyirəm.