Taksi fəaliyyətinə icazə verilən sürücülərin sayı açıqlandı

Xidmətin müfəttişləri regionlardakı "Azərpoçt" MMC-nin mərkəzi poçt filiallarında müraciət edən sürücülərin qeydiyyatını təmin edir
Sputnik

BAKI, 17 aprel — Sputnik. Bu saata qədər 865 nəfər taksi fəaliyyəti göstərən şəxslə (Bakı şəhərində fəaliyyət göstərən sürücülər istisna) bağlı məlumat "icaze.e-gov.az" portalına yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

N.Allahyarova qeyd edib ki, hazırda Xidmətin müfəttişləri regionlardakı "Azərpoçt" MMC-nin mərkəzi poçt filiallarında müraciət edən sürücülərin qeydiyyatını təmin edir: "Yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkədə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Belə bir şəraitdə müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) qarşısında duran əsas vəzifələrdən biri də əhalinin dayanıqlı, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri ilə təmin edilməsidir".