RUSİYA

Rusiya XİN: Qarabağ münaqişəsinin nizamlanmasına dair işlər davam edir

Davam edən məsləhətləşmələrin mərkəzində koronavirus infeksiyası, onun danışıqlar prosesinə təsiri, həmçinin münaqişənin nizamlanmasına dair bəzi məsələlərdir.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Koronavirus pandemiyasının yayılmasına baxmayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam etdirilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Rusiya Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon danışıqları zamanı bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kaspşik də münaqişə tərəfləri ilə müntəzəm əlaqədədir. Davam edən məsləhətləşmələrin mərkəzində koronavirus infeksiyası, onun danışıqlar prosesinə təsiri, həmçinin münaqişənin nizamlanmasına dair bəzi məsələlərdir. Ermənistan-Azərbaycan sərhədi, həmçinin təmas xəttindəki vəziyyət müzakirə olunur", - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,1 milyonu keçib, 146 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.