BAKI, 17 aprel – Sputnik. Beynəlxalq alimlər qrupu Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsini Süd yolunun mərkəzindəki nəhəng qara dəliyin ətrafında fırlanan ulduzu müşahidə etməklə sübut ediblər.
Sputnik Azərbaycan bildirir ki, tədqiqatın nəticələri Astronomy & Astrophysics jurnalında dərc olunub.
Mütəxəssislər S2 ulduzunun orbitini Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının VLT (Very Large Telescope) teleskopu vasitəsilə təyin ediblər. Müşahidələr 27 il boyunca davam edib, VLT-də quraşdırılmış müxtəlif alətlərin köməyilə ümumilikdə 330 ölçmə aparılıb.
Eynşteynin ümumi nisbilik nəzəriyyəsində güman olunur ki, nəhəng obyektin yaxınlığında yerləşən göy cisminin orbiti Nyutonun qravitasiya nəzəriyyəsindəki kimi hərəkətsiz deyil və yerini dəyişə bilir, yəni orbitin oxu göy cisminin orbital hərəkəti istiqamətində yerini dəyişir. İlk dəfə bu cür effekt Merkurinin orbitində aşkarlanıb, nəzəriyyənin köməyilə yerdəyişmənin miqyasını tapmaq mümkün olub.
S2 ulduzu Oxatan A*-ya (kompakt radiomənbə, nəhəng qara dəlik – red.) ən yaxın obyektlərdəndir və qara dəliyə maksimal yaxın məsafəsi 20 milyard kilometrdir, onun sürəti işıq sürətinin cəmi üç faizi qədərdir. Orbital dövrü 16 il təşkil edir, ona görə də Şvartsşilds presessiyasının (orbitin yerdəyişməsinin) müəyyən olunması üçün təxminən 30 il gərək olub. İndiyədək heç vaxt qara dəlik ətrafında fırlanan ulduz üçün bu effekt ölçülməmişdi.