BAKI, 17 aprel — Sputnik. Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.
Sputnik Azərbaycan xəbər verir ki, məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
O bildirib ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da uğurlar əldə edilib: "Yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olması, eləcə də növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir. Seçkilər nəticəsində 1.597 bələdiyyə üzrə 15.075 bələdiyyə üzvü seçilib. Qadınların sayı 5.847 nəfər (38,8 %), gənclərin sayı isə 6.012 nəfər (39,9 %) olub. Bələdiyyə üzvlərinin tərkibinin xeyli hissəsinin yeniləndiyi nəzərə alınaraq məqsədyönlü hüquqi maarifləndirmə işinin aparılması üçün xüsusi tədbirlər planı hazırlanıb. "Bələdiyyələrin statusu haqqında" qanununa edilmiş dəyişikliyə əsasən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsinin hüquqi əsası ilk dəfə qanunla təsbit olunub".
O qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə məsələləri ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri hazırlanıb və başqa tədbirlər görülüb: ""Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə hazırlanmış "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi baxılması üçün Nazirlər Kabinetinə göndərilib. Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında" təlimatda dəyişikliklər edilərək müvafiq qanuna uyğunlaşdırılıb. İl ərzində 80.261 (2018-ci illə müqayisədə 11 % çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1.796 akt hüquqi ekspertizadan keçirilib. 77.427 (96,5 %) akt qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktların tələblərinə zidd olan 2.765 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (2018-ci illə müqayisədə 15% çox). Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.285 akt ləğv edilib, 1.274 akt dəyişdirilib".
Nazir müavini bildirib ki, bələdiyyələr tərəfindən təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, onlardan 8-i məhkəmə tərəfindən təmin edilibmiş, 11 iddia isə hesabat ilinin sonuna məhkəmə icraatında olub: "Qanunsuz verilmiş 7.019 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib (2018-ci illə müqayisədə 18,5 % çox). Bələdiyyə aktının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 131 (2018-ci ildə 143) inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 protokol isə ilin sonuna məhkəmə icraatında olub. Aparılmış 24 inzibati araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. 17 material üzrə cinayət işi başlanılıb, 1-i üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır. Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3.304 müraciətdən 140-ı təmin və ya qismən təmin edilib (2018-ci illə müqayisədə 71 % çox). Hüquq pozuntularının və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9.264 tövsiyə göndərilib (2018-ci illə müqayisədə 55% çox)".
Məruzə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.