BAKI, 16 aprel — Sputnik. SSRİ-nin əməkdar idman ustası, ağır atletika üzrə 70-dən çox rekordun sahibi Yuri Ryabov Azərbaycanda vəfat edib. Bu barədə məlumat Sputnik Azərbaycan-a Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilib.
Azərbaycanın veteranı, Prezident təqaüdçüsü Yuri İvanoviç Ryabov 81 yaşında vəfat edib.
Ryabov 25 may 1939-cu ildə anadan olub. 50 ildən çoxdur ki, Azərbaycanda ağır atletika və olimpiya hərəkatının inkişafında, eləcə də yüksək səviyyəli idmançıların hazırlanmasında səmərəli iştirak edib.
SSRİ-nin əməkdar idman ustası, beynəlxalq və ümumittifaq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi beynəlxalq və ümumittifaq yarışlarında respublikanın idman şərəfini layiqincə qoruyub. 1961-1974-cü illərdə Yuri Ryabov ağır atletika üzrə Azərbaycan yığmasının aparıcı idmançısı olub.
13 titula malik Azərbaycan çempionu həmçinin ölkənin 70-dən çox rekordunun müəllifidir. O, Beynəlxalq Ağır Atletika Federasiyasının "500" klubunun üzvü olub.