RUSİYA

Koronavirusa yoluxmuş jurnalist xəstəliyin "qəribəlikləri" haqqında danışıb

Kudinovun sözlərinə görə, infeksiya şöbəsinə köçürülmə zamanı sanki “kimsə bir düyməni basıb" və o, özünü daha yaxşı hiss etməyə başlayıb.
Sputnik

BAKI, 16 aprel – Sputnik. Milan Xəstəxanasında koronavirusdan müalicə olunan rusiyalı jurnalist Georgi Kudinov xəstəliyin "qəribəlikləri" haqqında "Sport-Ekspress" nəşrinə danışıb.

Kudinovun sözlərinə görə, on gün ərzində onun yüksək temperaturu və "vəhşi" öskürəyi olub. Koronavirus testi müsbət nəticə verdikdə, jurnalist dərhal infeksiya şöbəsinə köçürülüb və burada 12 gün keçirib. Kudinovun qeyd etdiyi kimi, köçürülmə zamanı sanki “kimsə bir düyməni basıb" və o, özünü daha yaxşı hiss etməyə başlayıb. Həkimlər rus jurnalistə bunun koronavirusun xüsusiyyətlərindən biri olduğunu izah ediblər. Deyiblər ki, xəstəliyin dönüş günləri var, vəziyyət kəskin şəkildə yaxşılaşa və ya pisləşə bilər.

Jurnalist həmçinin bildirib ki, ona bir neçə dərman - HİV-ə qarşı effektiv olan darunavir və ritonavir preparatları, malyariya ilə mübarizədə istifadə olunan plakvenil və təyinatı barədə bilmədiyi daha bir dərman təyin edilib.

Klinikada müalicə olunduğu 14 gün ərzində Kudinovu üç dəfə rentgen ediblər və beş dəfə qan analizi götürüblər. Üçüncü rentgen və yekun qan testi müsbət dinamikanı göstərib, bundan sonra o, xəstəxanadan evə buraxılıb.

COVİD-19 xəstəliyinə səbəb olan koronavirus epidemiyası 185 ölkəni əhatə edib. ÜST-nin məlumatına görə, dünyada 1,85 milyondan artıq xəstə qeydə alınıb, onlardan 117 mindən çoxu dünyasını dəyişib. Qurbanların sayına görə birinci yerdə ABŞ, ardınca İtaliya, İspaniya və Fransa gəlir.

İtaliyada epidemiyanın bütün dövründə koronavirusa yoluxma hallarının ümumi sayı 165 minə çatıb, bir gün ərzində artım 2,6 min təşkil edib.

Belə bir aşağı artım 13 martdan bu yana ən yaxşı göstəricidir.