Bu il yüz minlərlə uşağı itirə bilərik

"Belə bir təhlükə də var ki, qızlar məktəbi atacaqlar, bu isə yeniyetmələr arasında hamiləlik hallarının artmasına səbəb olacaq"
Sputnik

BAKI, 16 aprel – Sputnik. BMT-nin Baş Katibi Antoniu Quterreş hesab edir ki, koronavirusun doğurduğu resessiya səbəbindən 2020-ci ildə dünya yüz minlərlə uşağın ölümünə şahid ola bilər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, cümə axşamı Baş Katib hazırkı şəraitdə uşaqların qarşılaşdıqları risklər barədə hesabatı təqdim edib.

Quterreş ailələri və siyasi liderləri uşaqları bütün səviyyələrdə qorumağa səsləyib.

Quterreş qeyd edib ki, demək olar ki, hazırda heç bir şagird məktəbə getmir: “Bəzi məktəblər distant təhsil təklif edir, amma bu, hamı üçün əlçatan deyil. Sürəti zəif, qiyməti baha olan internetə malik ölkələrdə uşaqlar dedikcə pis şəraitdədirlər”.

Onun sözlərinə görə, dünyadakı uşaqların təxminən yarısı, yəni 310 milyon məktəbli məktəbdə gündəlik qida ilə təmin olunacağına ümid edir. Amma eyni zamanda, hətta pandemiyadan əvvəlki dövrdə də uşaqların lazımi qədər qida almadıqları və boy artımının gerilədiyi qeydə alınıb.

"Resursları azaltmağın vaxtı deyil" - BMT baş katibi Trampı tənqid etdi

Quterreş bildirir ki, məktəblərdən kənarda qalan uşaqlar getdikcə daha çox ailə zorakılığının şahidi və qurbanı olurlar.

“Belə bir təhlükə də var ki, qızlar məktəbi atacaqlar, bu isə yeniyetmələr arasında hamiləlik hallarının artmasına səbəb olacaq. Biz həmçinin uşaqların internetdə rastlaşdıqları istismar, təcavüz, zorakılıq risklərinin artmasını da gözardı etməməliyik. Sosial şəbəkələr həssas uşaqların qorunmasına görə xüsusi məsuliyyət daşıyır”, - Baş Katib bildirib.

Səhiyyə problemlərinə toxunan Quterreş qeyd edib ki, pandemiya peyvəndləmə işlərinə də təsir edib: “Poliomielitə qarşı peyvənd dayandırılıb. Ən azı 23 ölkə qızılcaya qarşı peyvəndi dayandırıb. Səhiyyə xidmətləri hazırda çox yükləndiyindən, xəstə uşaqlar getdikcə müalicə şanslarını itirirlər”.

Onun sözlərinə görə, liderlər pandemiyanın təsirini azaltmaq üçün bütün mümkün olan tədbirləri görməlidirlər. “Hesabatda hökumətlər və donorlar uşaqların təhsilinə prioritet diqqət ayırmağa çağırılır. Sənəd həmçinin aşağı gəlirli ailələrə pul yardımı da daxil olmaqla iqtisadi köməyi, eləcə də uşaqlara tibbi xidmətin göstərilməsində axsamaları minimallaşdırmağı tövsiyə edir”, - Qutererş vurğulayıb.

“Biz həmçinin daha həssas qruplarda – münaqişə situasiyalarında yaşayan, qaçqın və köçkün ailələrində böyüyən, məhdud imkanlara malik uşaqlara da xüsusi diqqət ayırmalıyıq”, - Baş Katib yekunlaşdırıb.