SƏHİYYƏ

Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə - TÖVSİYƏ

Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.
Sputnik

BAKI, 15 aprel — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Sputnik Azərbaycan xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə "Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər necə qidalanmalıdır?" haqqındadır.

Həkim Emin Hüseyn: "Koronaviruslu xəstələrimizin 75-80 faizi belədir"

Ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, qeyri-adekvat və balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyinin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyllilik, yaş və cins də böyük rol oynayır. Belə ki, xəstəlik daha çox 40 yaşdan yuxarı insanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.

Ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir. Mütəxəssislər ürək və damarları qorumaq üçün tövsiyə edirlər:

• Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

• Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödəmin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.

Azərbaycanda həkim çoxdur, yoxsa az?

• Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.

• Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.

• Spirtli və şirin içkilərdən imtina olunmalıdır.

• Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.

• Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.

• Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.

• Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilə bilər.