Gürcüstanda 300 yoluxan, Ermənistanda daha 2 ölü

Qonşularımızda koronavirusla vəziyyət gərgin olaraq qalır, Gürcüstanda da, Ermənistanda da yoluxanların sayı hər gün artır
Sputnik

BAKI, 14 aprel — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 296-ya çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən son 24 saat ərzində daha 24 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 68-i sağalıb. Hazırda bu ölkədə 4 834 nəfər karantində, 434 nəfər isə tibbi işçilərinin nəzarəti altında saxlanılır.

Rusiyada bir gündə 2,7 mindən çox şəxs koronavirusa yoluxdu

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı bütün ölkədə karantin rejimi tətbiq olunub. Qərar 31 mart 08 radələrində qüvvəyə minib. Saat 21:00-dan 06:00-a qədər karantin rejimi tətbiq olunub.

Bundan əlavə, ölkədə ictimai nəqliyyat, metro öz işini dayandırıb.

Küçəyə çıxan bütün vətəndaşların üzərində şəxsiyyət vəsiqəsi olmalıdır. Bütün şəxslər, xüsusi ilə yaşlı vətəndaşlar zərurət olacağı halda evdən çıxmalıdırlar.

Ermənistanda isə daha iki nəfər koronavirusdan ölüb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində bildirib.

Baş nazir qeyd edib ki, ölən şəxslərin ortalama yaşı 74,8-dir. Bununla da ölənlərin sayı 16-ya çatıb. Ermənistanda, həmçinin son sutka ərzində koronavirusa yoluxanların sayı 28 nəfər artaraq 1067-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,9 milyonu keçib, 119 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.