BAKI, 14 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın əməkdar artistləri Sevda Ələkbərzadə və Elçin Şirinov dünyanın müxtəlif yerlərində olarkən məşhur “Sən yadıma düşəndə” kompozisiyanı yazıblar.
Bu barədə Sputnik Azərbaycan-a müğənnilər özləri məlumat veriblər.
Bu mahnının musiqisini vaxtilə Xalq artisti Elza İbrahimova, sözlərini isə Dəmir Gədəbəyli yazıb. Elçin Şirinov və Sevda Ələkbərzadə uzun illərdir nəinki dostluq münasibətlərini, həm də iş münasibətlərini saxlayırlar. Müğənni dəfələrlə səhnədə pianoçunun müşayiəti ilə çıxış edib. Bu dəfə Ələkbərzadənin Bakıda, Şirinovun isə Londonda olmasına baxmayaraq, onlar birgə layihə təqdim etmək qərarına gəliblər. Bek-vokalçı qismində isə Samirə Rəcəbli və Leyla İzzətova çıxış ediblər.
"Biz bir daha sübut etdik ki, ifaçılar üçün sərhədlər vacib deyil. Allaha şükürlər olsun ki, indi dünyanın müxtəlif yerlərində olarkən də birgə layihəni yazmaq mümkündür. Mən bu kompozisiyanı dəfələrlə ifa etmişəm, bu dəfə isə yeni formatda oxumaq qərarına gəlmişəm", - Ələkbərzadə bildirib.
Sevda Ələkbərzadə 14 yaşından oxumağa başlayıb. Hələ məktəbdə oxuduğu vaxt həmin dövrdə populyar olan "Aypara" qrupuna rəhbərlik edən bəstəkar Vaqif Gərayzadənin dinləmələrinə qatılıb. Bundan sonra "Aypara" qrupunda gənc ifaçı kimi fəaliyyətə başlayıb. O, bu kollektivdən ayrıldıqdan sonra 1993-cü ildə "Rast"qrupunda solist-ifaçı kimi oxumağa başlayıb. Sonra “Rast”dan ayrılan müğənni 2002-ci ildə karyerasını solo ilə davam etdirib. 2013-cü ildə Azərbaycanı Azərbaycanı Montrödə dünya şöhrətli caz festivalında təmsil edib. Hazırda Ələkbərzadə solo karyerasını uğurla davam etdirir və tez-tez xaricdə çıxış edir.
Elçin Şirinov dünyanın ən yaxşı caz pianoçularından Kevin Heyes və Aaron Qoldberqdən dərs alıb. O, beynəlxalq caz festivalları kimi tədbirlərdə iştirak edib: Polşada - Voicingers, Montrödə Caz Festivalı, Parisdə - Saint-Germain-des-Prеs, həmçinin Londondakı, Fransadakı Sunnyside və digər festivallarda.