RUSİYA

Rusiyada COVID-19 əleyhinə dərman hazırlayıblar

Rusiyada 18328 nəfər COVID-19-a yoluxub, təxminən 1500 nəfər sağalıb, 148 nəfər dünyasını dəyişib. Bir çox regionlarda yüksək hazırlıq rejimi tətbiq olunub
Sputnik

BAKI, 13 aprel — Sputnik. Rusiyada COVID-19-u müalicə etmək üçün dərman hazırlayıblar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Prezident Vladimir Putinlə onlayn müşavirə zamanı deyib.

"Rusiya şirkəti bizim həmkarlarımızın bir sıra ölkələrdə sınaqdan çıxardığı dərman preparatı hazırlayıb, bu, tam Rusiya analoqudur və birinci partiya kliniki sınaqlar üçün istehsal olunub. Bu gün gözləyirik ki, şirkət ekspertlərin sənədlər paketini təqdim edəcək. Qısa müddət ərzində klinikaya qədərki tədqiqatlar qiymətləndiriləcək", - M.Muraşko deyib.

Dərmanın kliniki sınaqlarına 10-12 gündən sonra başlanılacaq.

Muraşko həmçinin əlavə edib ki, nazirlik bəzi koronavirus əleyhinə preparatların çatışmaması riskini güman edir.

"Bizdə 17 adda dərman preparatına limit qoyulub. Bunların qalıqlarına nəzarət saxlanılmalıdır. Ehtiyatların azalmasına qarşı reaksiya da tənzimləyici mexanizmə daxil edilib", - nazir əlavə edib. 

Rusiyada 18328 nəfər COVID-19-a yoluxub, təxminən 1500 nəfər sağalıb, 148 nəfər dünyasını dəyişib. Bir çox regionlarda yüksək hazırlıq rejimi tətbiq olunub. Vətəndaşlara evdə qalmaları tövsiyə olunub. Xarici ölkələrlə avia və dəmiryolu əlaqələri, demək olar ki, tam kəsilib.