BAKI, 13 aprel — Sputnik. Astara rayonunda bir nəfərin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsilə ayrı-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına istinadla xəbər verir ki, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyən edilib və o, Astara RPŞ-yə dəvət olunub.
Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edilib və o, inzibati qaydada həbs olunub.