İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 aprel — Sputnik. "20 Yanvar" dairəsindən başlayaraq Masazır dairəsinə qədər olan ərazidə tıxac yaranmasının qarşısını almaq məqsədi ilə, ölkə başçısının tapşırığına uyğun olaraq kompleks tədbirlər həyata keçirilir. Dairə oval formada genişləndirilir".
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, sağ və sol istiqamətlərdə yolun genişləndirilməsi işləri həyata keçirilir.
"Üzü Masazır dairəsinə qədər olan hissədə müəyyən işlər həyata keçirilir. Konflikt nöqtələr aradan qaldırılır ki, sıxlığın, tıxacın yaranmasının qarşısı alınsın. "20 Yanvar" dairəsinə bir neçə istiqamətdən gələn avtonəqliyyat vasitələrinin bir neçə nöqtədə konflikt nöqtələri vardı (bir neçə yol bir yola açılır və problem yaranır). Artıq bu konflikt nöqtələrin ikisi aradan qaldırılıb", - deyə Anar Nəcəfli bildirib.
O əlavə edib ki, hazırda genişləndirmə işləri həyata keçirilir. Görülən işlərin tam olaraq orada ərazidə müəyyən qədər tıxacın yaranmasının qarşısını alacağı gözlənilir.