İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 aprel — Sputnik. Ötən il noyabrın 24-də Bakının Səbail rayonu, Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş vermişdi. Hadisə zamanı yolun sağ hissəsi dağılaraq, uçub. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə etmişdi.
Həmin gündən ərazidə təmir işlərinə başlanılıb. Ancaq yol tamamilə uçub-dağıldığı üçün təmir işləri uzun çəkir.
Mütəxəssislərə görə, uçquna səbəb insan amilidir. Yamacın kəsilməsi, evlərin tikilməsi, məişət sularının şambolara axıdılması və atmosfer çöküntüləri torpağı yumşaldıb və bu səbəblərdən də uçqun baş verib.
Hazırda yolun təmir-bərpa işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar NəcəfliSputnik Azərbaycan-a bildirib ki, yamacın aşağı hissəsində svay əsaslı istinad divarı yekunlaşdırılıb və hal-hazırda yamacın üst hissəsində bu işlər dəvam etdirilir.
Onun sözlərinə görə, yaxın müddət ərzində bu işlər - svay əsaslı istinad divarının inşası yekunlaşdırılacaq. Ancaq bundan sonra yolun bərpasına başlamaq mümkün olacaq.
A.Nəcəfli vurğulayıb ki, bərpa ediləcək yol dörd zolaqlı olacaq. Təmir-bərpa işlərinin may ayının sonuna kimi yekunlaşacağı gözlənilir.
Xatırladaq ki, martın 29-dan yol tamamilə bağlanıb. Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir neçə gün ərzində qüvvədə olacaq.