CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əvvəllər istirahətə aparırdılar, indi isə ölməyə - Optimist turizm şirkətləri

Turizm şirkətləri aydındır ki, koronavirusdan çox böyük ziyan gördülər. Bu ziyanı qismən də olsa qarşılamaq üçün çalışırlar ki, ən azı yayda daha çox müştəri cəlb etsinlər.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. İtalya və İspaniya koronavirus infeksiyasına (COVID-19) görə, ən çox yoluxmanın və ölüm halları qeydə alınan ölkələrdən olsa da, Azərbaycandan hələ də bu ölkələrə turist aparmaq niyyətində olan turizm şirkətləri var. Koronavirusun dünyada, eləcə də bu ölkələrdə nə vaxt səngiyəcəyi bəlli olmasa da, artıq indidən yay ayları üçün Bakıdan İtaliya və İspaniyaya turlar təklif olunur. Sputnik Azərbaycan turizm firmalarının saytlarına istinadən xəbər verir ki, Roma, Florensiya, Venesiya, Milan şəhərlərinə may, iyun, iyul və avqust ayları üçün turlar var. Hazırda İtaliyada epidemiya təhlükəli həddə çatsa və ciddi qadağalar tətbiq edilsə də, yayda 500 avrodan bu ölkəni gəzmək təklif edilir. Həmçinin, koronavirusun tüğyan etdiyi İspaniyaya da turlar var. Məsələn, Barselonaya 645 avrodan tur-paketlər almaq olar. Yay aylarında Milan, Avignona 3 və 4 ulduzlu otellərdə yerləşmə ilə turlar təşkil edilir. İtalya-Fransa turu 7 gün 8 gecədir. Turpaketin qiyməti 490 Avrodur. Səfər tarixləri isə sentyabra qədər davam edir.

İspaniya və İtaliyada yoluxanların sayı durmadan artır

NZ Travel Club-un Səkinə adlı tur operatoru Sputnik Azərbaycan-a bildirib ki, karantin dövrü olduğundan onlayn işləyirlər: "Əgər siz İtalya, İspaniya və Fransaya tur paket istəyirsinizsə, yay üçün bu paketlərimiz aktivdir. Qiymətlər və tur paketə nələrin daxil olduğu da qeyd edilib. Aprelin 20-dən ofisimizə müraciət edib tur paket ala bilərsiniz".

Şirkət nümayəndəsi yaya qədər koronavirusla bağlı vəziyyətin düzələcəyinə və sərhədlərin açılacağına da bizi inandırmağa çalışdı.

Sputnik Azərbaycan-a danışan Azərbaycan Turizm Assosasiyasının müşaviri Müzəffər Ağakərimov bu cür turların indidən təşkilinin tez olduğunu bildirib. Onun sözlərinə görə, hələ ki, pandemiyanın nə vaxtadək davam edəcəyi bəlli deyil: "Turizm şirkətləri aydındır ki, koronavirusdan çox böyük ziyan gördülər. Bu ziyanı qismən də olsa qarşılamaq üçün çalışırlar ki, ən azı yayda daha çox müştəri cəlb etsinlər. Amma İtalya, İspaniya, Fransa kimi ölkələrdə COVID-19 tüğyan edir. Ən çox ölüm də elə bu ölkələrdədir. Belə halda bu ölkələrə yayda da turist daşımaq yəqin ki risk olacaq. Nəzərə alsaq ki, turizm şirkətlərinin çoxu müştərini xəstəliklərdən sığorta etmir, bu zaman səhhətinin qeydinə qalmaq müştərinin öz üzərinə düşür. İnsanlar ən azı bu il İtalya, İspaniya, Fransa kimi ölkələrə getməkdən çəkinməlidirlər. Çünki, bu ölkələrdə yoluxma və ölüm daha çox qeydə alınır. Bundan əlavə alimlər virusun nə vaxt səngiyəcəyini də söyləyə bilmirlər. Bəzi insanlar bu virusun yayda istidə məhv olacağı deyilsə də, elmi sübutunu tapmayıb. Belə halda sözügedən ölkələrə indidən səyahət bleti almaq həyatı təhlükəyə atmaqdır. Turizm şirkətləri də səbrli olmalı, ən azı virusun yayıldığı ölkələrə turizim marşrutlarından müvəqqəti çəkinməlidirlər. Bundan başqa hələ sərhədlərin açılıb-açılmayacağı da məlum deyil".