İQTİSADİYYAT

"Goldman Sachs": Hasilatın azalması neftin qiymətinin enməsinin qarşısını almayacaq

"OPEC+" üzrə neft istehsalının gündəlik 9,7 milyon barel azaldılması qərarına may ayında OPEC üzvləri tam və digər üzvlər isə 50 faiz əməl edəcək.
Sputnik

BAKI, 13 aprel — Sputnik. "OPEC+" koalisiyasının neft hasilatının azaldılması barədə razılığa gəlməsi yaxın həftələrdə neft qiymətinin ucuzlaşmasının qarşısını almaq üçün çox az həcmdə məhdudiyyəti özündə ehtiva edən və gec qəbul edilmiş qərardır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs" məlumat yayıb.

Banka görə, "OPEC+" üzrə neft istehsalının gündəlik 9,7 milyon barel azaldılması qərarına may ayında OPEC üzvləri tam və digər üzvlər isə 50 faiz əməl edəcək. "Goldman Sachs" mayda hasilat məhdudiyyətinin sutkada 4,1 milyon barel olacağını iddia edir.

Azərbaycan yeni neft razılaşmasını təsdiqlədi

Qısa müddət üzrə 20 dollar/barel proqnozlaşdırdığı neft qiymətləri üçün risklərin aşağı olduğunu bildirən bank istehsal məhdudiyyətlərinin aprel-may aylarında neft tələbatında gözlənilən gündəlik 19 milyon barellik azalmanı kompensasiya etməyə yetməyəcəyini söyləyib.

Qeyd edək ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə) azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.