Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 12 aprel — Sputnik. Hesablama Palatası büdcəyə yenidən baxılması ilə bağlı təkliflər hazırlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq: "Pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir. Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonunadək Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq".
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, büdcəyə yenidən baxılması zərurətindən danışıb.
İqtisadçı bildirib ki, burada əsas iki məsələ yeni çağırışlar yaradıb: "Birincisi neftin qiymətinin ucuzlaşmasıdır. Dövlət büdcəsinin gəlirlərinin təxminən 7 faizi məhz neftin qiymətindən birbaşa asılı olaraq formalaşır. Çünki neft sektorundan vergi daxilolmaları burada əsas gəlir mənbəyidir. İndiki şərtlər daxilində büdcənin gəlirlərinin bu hissəsində azalma müşahidə olunacaq. İkincisi isə qeyri-neft sektoruna müvafiq güzəştlər təklif olunur və eyni zamanda karantin tədbirləri qeyri-neft sektorunda daralma yaradacaq, kiçilməyə səbəb olacaq. Bu da öz növbəsində qeyri-neft sektorundan daxil olan büdcə gəlirlərinin azalmasını şərtləndirəcək".
O bildirib ki, bundan başqa, həm sahibkar, həm də vətəndaş üçün pandemiyanın vurduğu zərərin müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb: "Hətta növbəti dövrlərdə ehtimal edilir ki, bu istiqamətdə sərf olunacaq əlavə vəsait mənbələrinə də ehtiyac yaranacaq. Və bu istiqamətdə artıq xərc yükünün mənbələrinin müəyyən edilməsinə ehtiyac var. Nəticədə faktiki olaraq büdcənin azalanan gəlirləri, eyni zamanda əlavə xərc istiqamətləri fonunda büdcənin yenidən strukturlaşması, büdcə qanunun yenidən hazırlanması zərurətə çevrilib. Ona görə də böyük ehtimal yaxın günlərdə büdcəyə yenidən baxılacaq".
"Fikrimcə, daha çox sosial xərclər yönümlü bir mövqe ortaya qoyulacaq. Çünki bu paketin özünün də büdcə qanununa təsiri olacaq. Bir sıra istiqamətlər üzrə xərclərin azaldılmasına qərar veriləcək. Xüsusilə də az əhəmiyyətli xərc istiqamətləri üzrə, o cümlədən infrastruktur layihələri, tədbirlərin maliyyələşdirilməsi, ezamiyyə xərcləri üzrə vəsaitlərin azaldılması gözlənilir" – deyə ekspert əlavə edib.
Qeyd edək ki, bəzi təkliflər ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, pandemiya gəlirlərə təsirsiz ötüşməyəcək və bu təsir mənfi istiqamətlidir: "Bu baxımdan büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır. Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı "Büdcə sistemi haqqında" qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır. Düşünürük ki, Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq".
Milli Məclisdə sərt tələb: “Büdcə talançıları qanun qarşısında cavab versinlər”
"Cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik" – deyə o qeyd edib.