CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İbrahim Məmmədov təcridin sərtləşdirilməsindən danışdı: "Günün tələbinə çevrilib"

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri bildirib ki,  daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır
Sputnik

BAKI, 11 aprel — Sputnik. “İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur".

Operativ Qərargah Rusiyadan qayıtmaq istəyən vətəndaşlara müraciət edib

Sputnik Azərbaycan xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib.

O bildirib ki, yoluxmanın artıb-azalma tezliyi spiralvaridir: "Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın. Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil".

"Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 xüsusi karantin rejimi (XKR) pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün - aprelin 11-də isə artıq 1 sutka ərzində XKR qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır.

İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu, bəlkə də, ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların XKR qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünü təcridin səmərəsi olacağına inam var idi. Ancaq bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”, - İ.Məmmədov vurğulayıb.