Bakılıları heyrətləndirən səyyah da səyahətlərini dayandırıb - FOTO

"Səyahətlər üçün çox darıxmışam. Ümid edirəm ki, tezliklə vəziyyət dəyişəcək. Lakin vəziyyət dəyişənədək evdə qalmağa üstünlük verirəm" - Rolf
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Bədənindəki 453 pirsinqə görə Ginnesin Rekordlar Kitabına düşən və ötən il Azərbaycana səyahət edən Rolf Buccholz bir çox ölkələrin sərhədlərini bağlaması ilə əlaqədar olaraq müvəqqəti olaraq səyahətlərinə ara verib. Bu barədə Rolf özü Sputnik Azərbaycan-a açıqlamasında deyib. O, həmçinin ölkəsindəki vəziyyətdən də danışıb: "Hazırda Almaniyadayam, bütün dünyanı bürüyən virusla əlaqədar olaraq ölkəmdən çıxa bilmirəm. Lakin ölkə daxilində sərbəst gəzə bilirəm. Tək, yaxud da kiminləsə gəzib, gəzməmək heç bir önəm kəsb etmir. Amma qeyd edim ki, hazırda Almaniyada bütün restoran, barlar, qeyri-qida mağazaları bağlıdır. Yalnız qida satışının həyata keçirən mağazalar işini davam etdirir".

Bakılıları heyrətləndirən səyyah da səyahətlərini dayandırıb - FOTO

"İctimai nəqliyyat fəaliyyətdədir. Harasa gedərkən ictimai nəqliyyatdan istifadə edirəm. Lakin otellər bağlı olduğundan səyahət edə bilmirəm. Səyahətlər üçün çox darıxmışam. Ümid edirəm ki, tezliklə vəziyyət dəyişəcək. Lakin vəziyyət dəyişənədək evdə qalmağa üstünlük verirəm. Ürəyim sıxılanda, boş vaxtlarımda bir qədər küçədə gəzişirəm", - deyə o əlavə edib.

Rolf səhhəti ilə bağlı hər şeyin qaydasında olduğunu da deyib. O, hazırda işini distant olaraq həyata keçirdiyini qeyd edir.

Bakılıları heyrətləndirən səyyah da səyahətlərini dayandırıb - FOTO

Onun sözlərinə görə, ölkəsində bu virusdan ölənlərin sayı 2000-dən artıqdır. Rolf ölənlərin əksəriyyətinin yaşının 80-dən yuxarı olduğunu da vurğulayır.

Qeyd edək ki, İT mütəxəssisi olan Rolf ötən ilin yayında Azərbaycana da səfər etmişdi.