RUSİYA

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Adi stolüstü oyunda bir toğlunu necə udmaq olar, yerli buddist lamalar niyə uçmurlar, horra kimi halva harada bişir - reportajımızda oxuyun
Sputnik

BAKI, 11 aprel — Sputnik, İrina Ovçinnikova. Bələdçi insanların yüz il bundan əvvəlki yaşayışı haqda danışanda adətən təxəyyülünü işə salırsan. Fikirləşirsən ki, kaş bunu gözlərimlə görəydim. Bu arzunu gerçəkləşdirmək Buryatiyada mümkündür. Köçərilərin alaçıqları, köhnə təriqətçilərin bəzəkli daxmaları, Baykalın sahilindəki zəhmli monastır... Hamısı da turistlər üçün açıqdır. Adi stolüstü oyunda bir toğlunu necə udmaq olar, yerli buddist lamalar niyə uçmurlar, horra kimi halva harada bişir – hamısı barədə RİA Novosti danışır.

Lamalar niyə quş kimi uçmurlar?

“Yetmiş beş yaşınacan yaşayacaqsan, artırmaq lazımdır”, - Aqasat dasanının laması Tarba Dorjiyev deyir. – Get meşəyə, qarışqalara qara çörək səp”. İntonasiyası elədir ki, sözü çevirib nəsə dəqiqləşdirməyin yeri yoxdur.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Onun sözlərinə görə, mənim kimilər, yəni konkret bir niyyəti olmayanlar, onu az-az ziyarət edirlər. Adətən haradan mənzil almağı soruşurlar, ya da toydan qabaq məsləhət alırlar: xasiyyətləri uyuşur, ya yox. Axır vaxtlar daha çox rus qadınlar gəlirlər, hərdən müsəlmanlar da baş çəkirlər.

“Buddizm – din deyil, məktəbdir, ona görə də inanclı olmağın burada əhəmiyyəti yoxdur, - Dorjiyev izah edir. – Mən həmişə deyirəm: Günəş hamı üçün eyni cür işıq saçır”.
Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Lamalar adətən təbib, astroloq, yaxud da gizli elm və ya təsviri incəsənət üzrə mətəxəssis olurlar. Dorjiyev lama-filosofdur və mühazirə deyir. “Çox vaxt məndən nəsə qeyri-adi bir şey göstərməyimi istəyirlər, hamı möcüzə gözləyir, amma belə şey olmur axı. Hələ üstəlik, mən uçsam, hamısı qorxudan birtəhər olar”, - Dorjiyev qımışır.

Monqolların hədiyyəsi

Asaqat dasanı buddist monastır-universitetidir, ölkədə ən qədimlərdən sayılır. Deyirlər ki, II Nikolay hələ taxta çıxmamışdan Buryatiyaya səfər edəndə bu monastırı ziyarət edib.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Balaca Narın-Asaqat kəndində başqa bir görməli yer də var. Tibetin mənəvi və dünyəvi başçısı olan XIII Dalay-lamanın (1876–1933) yeddi müəllimindən biri olan Aqvan Dorjiyevin ev muzeyi burada yerləşir. Zahirən gözəgəlimli olmayan daxma buraya daxil olan bütün buddistlərin xəcalətinə səbəb olan bir dəyəri yad gözlərdən qoruyur. Rəhmətə getmiş Dorjiyevlə şagirdinin mum fiqurundan başqa, bu daxmada hələ sağ olan XIV Dalay-lamanın heykəli də var. 

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Əslində həyatda olanları bu cür təsvir etmək düzgün sayılmır, amma Monqolustandakı gənc ustalar dalay-lamaların sayının çox olduğunu bilmədiklərindən tanıdıqlarının – yəni indiki dalay-lamanın heykəlini düzəldiblər.

DORJİYEV DİPLOMAT, MAARİFÇİ, İCTİMAİ XADİM KİMİ TANINIR. BUNDAN BAŞQA, O, AVROPADA İLK BUDDİST MƏBƏDİNİN SANKT-PETERBURQDA TİKİLMƏSİNİN TƏŞƏBBÜSKARI OLUB.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

“Bir dəfə Sankt-Peterburqdakı məktəblərin direktorları gəlmişdilər, onlara nağıl eləyirdim ki, dasan Kiçik Nevanın sahilindədir. Deyirlər, yox, orada çay nə axtarır, metro var! – İrdının bələdçisi Dara Batmayevna xatırlayır. – Sonra özüm də səfər eləyəndə baxdım ki, doğrudan da, artıq çox yoxdur orada”.

Alaçıqda kommunizm

“Zənciri atırsan, o, havada qalan müddətdə gərək ümumi dəstədən bacardıqca çox aşığı (sümük) özünə götürə biləsən. Alınmadı? Hesab elə ki, bir sürü qoyunu elə indicə uduzdun”, - etnokompleksin bələdçisi stolüstü oyunun qaydalarını izah eləyir.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Asaqatdan 10 dəqiqəlik yoldakı “Çöl köçərisi”ndə monqolların yaşayış tərziylə tanış olmaq, milli geyimlərini geyinib yoxlamaq da olar. Alaçığın düzəni elədir ki, sanki burada yaşayış var, sadəcə, sahibləri bir neçə müddətlik işlərinin ardınca gediblər. Mərkəzdə ocaq qalanıb, sol tərəf ənənəvi olaraq qadınların, sağ tərəf kişilərindir, ikisinin birləşdiyi yerdə dua eləmək üçün məsafə saxlanıb. Alaçığa girən hər qonaq öncə oraya keçməlidir.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Bir az da “buryat olmağa” çalışırıq – milli rəqs yoxoru oynayırıq, bir növ yallı kimidir. Mahnının sözləri anlaşıqlı olmasa da, şən olduğu duyulur. Bir-iki dəfə “komsomol” və “elektrikləşdirmə”yə bənzəri də qulağımıza gəlir. Soruşuram ki, zarafat edirsiniz? Deyirlər, yox, nə danışırsız, milli mahnımız belədir, sovet vaxtında qoşulub.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Çöl köçəriləri XX əsrin əvvəllərində oturaq həyata keçib, daxmalarda yaşamağa başlayıblar. Belədə evlər adi görünür, bircə fərqi odur ki, sobanı ortada qurublar, lap alaçıqdakı kimi.

Rusiyada Tibet buddizmi

Rusiyada ənənəvi buddist sanqhasının (icma) əsas dasanı İvolqadakıdır, Buryatiyanın paytaxtı Ulan-Udedən 30 kilometr aralıda yerləşir. Burada onadək məbəd var. Hər birinin içində sıra-sıra sütunları olan zalları var, damları da Çin məbədlərinin damına bənzəyir.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Buryatiyada buddizm tam fərqlidir, Çində, Tailandda, Vyetnamdakı kimi deyil. Bu, daha çox Tibet ənənəsidir - “sarı” buddizm. Burada əsas diqqət mənəviyyata, rahib intizamına və fəlsəfəyə ayrılır.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Məbədlərdən birində hambo-lama (lamaların başçısı) İtigelovun çürüməyən bədəni saxlanılır. Əfsanəyə görə, 1927-ci ildə Şərqi Sibir buddistlərinin başçısı nirvanaya yüksəlib. İndi minlərlə zəvvar onu ziyarət edərək dilək diləyir və özləri üçün ən əsas olan barədə soruşurlar. Hesab olunur ki, cavabı İtigelovun mumiyasının üz cizgilərindən oxumaq olar. Çətinliklə sezilən cavab – təbəssüm, yaxud qaşların düyünlənməsi – barədə heç kimə heç nə demək olmaz.

Öz əlləri, öz başları

“Yadıma gəlir ki, bir vaxtlar “ailəcanlıların” evlərinə gedəndə, məsələn, bir fincan su istəyib içirdin, qayıdıb həyətdən çıxmamış sınan qabın səsini eşidirdin. Evə yad adam gələndə onun istifadə etdiyi qabları yumur, sındırırdılar, xəstəliklərdən çox qorxurdular”, - köhnə təriqətçilərin kəndi Tarbaqataya gedən vaxt yerli turagentliyin bələdçisi Valentin danışır.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

“Ailəcanlılar” XVIII əsrdə  Reç Pospolita bölüşdürüləndə Baykal yaxınlığına köçürülənlərə deyirdilər. Köhnə təriqətə mənsub bu adamları böyük ailələri ilə köç etdiklərinə görə belə adlandırırdılar.

“Bölünəndən yüz il sonra da biz Polşa ərazisində yaşayırdıq. Amma II Yekaterina qərara aldı ki, bizi bu uzaq yerlərə göndərsin, - məbəddə bizi qarşılayan Sergi ata deyir. – Sonra yaxşı yaşayırdıq, inqilabdan qabaq kənddə 5 irili-xırdalı kilsə vardı, 1934-cü ildən bu günə kimi də xəstəxanamız işləyir”. 

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

O, xaç çəkəndə iki və ya üç barmağı birləşdirməyin fərqindən, səkkizguşəli xaçların mənasından danışır, əlyazma kitabları göstərir. Dolanışığı çox sadədəir: “Bizdə din xadimlərinə çox şeylər qadağandır, yoxsa bərəkət qaçar”.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Ancaq öz təşəbbüsü ilə yaradılan tarix və mədəniyyət muzeyindəki eksponatların şəklini çəkməyi xahiş edir. Sergi ata 300 yaşı olan əkin-biçin alətlərini, yerlilərin geyimlərini göstərir. Hamısı yaxşı qalıb, rəngləri çox parlaqdır – bunların parçalarını yaxınlıqdan keçən ticarət yolu ilə Çindən gətiriblər. Doğrudan da, burada çox yaxşı, zövqlə yaşayıblar. 

Təriqətçi toyu

“Bizdə toya qonaq çağırmaq adəti yoxdu, yeni evlənənlər özləri yemək götürüb evlərə qonaq gedirdilər, - Desyatnikovo kəndindəki “Ailəcanlıların qonaq evi” mərkəzində bizə danışırlar. – Ona görə də toy qonşuların evlərini gəzib qurtaranda başa çatırdı”.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Burada real həyətdə yerli köhnə təriqətçilərin necə yaşadıqlarını (həm keçmişi, həm indini) nümayiş etdirirlər. Ancaq indi ənənəvi toy qalmayıb, cavanların əksəriyyəti şəhərə köçür. Qocalar isə Polşada yaşamış əcdadlarının mahnılarını oxuyur, turistlərə göstərmək üçün ayinləri icra edir, sobada, yaxud açıq ocaqda bişirdikləri yeməyə qonaq edirlər. Onlar horra kimi halva da bişirirlər – lap pavidla kimi yumşaq, blinçikin üstünə çəkmək asan olur. Köhnə resepti indi yadda saxlayan yoxdur, hazır halvanı mağazadan alırlar. Su hamamında qoyub qızdırırsan, azca bal əlavə edirsən, olur halva.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Desyatnikovo Buryatiyanın ən gözəl kəndi sayılır və Rusiyanın da müvafiq reytinqlərinin, demək olar ki, daimi qonağıdır. Ancaq rəngli oyma qapı-pəncərə yaşmaqları tezliklə yoxa çıxa bilər.

“Getdikcə sakinlər evlərin önünü plastiklə örtürlər – belə olanda onu ildə iki dəfə rəngləmək lazım gəlmir, axı bizdə günəş elə parlaqdır ki, hər şey tez bozarır”, - köhnə təriqətçilər mərkəzinin başçısı Lyubov Plastinina deyir. – Mən son on ildə dəfələrlə pulsuz boya ayrılması üçün hökumətə müraciət eləmişəm, hələ ki razı deyillər”.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Onun sözlərinə görə, pandemiyaya qədər Desyatnikovodakı kənd həyatını izləmək üçün daha çox çinlilər, almanlar və yaponlar gəlirdilər. Rusiyalılar isə turistlərin cəmi 20%-ni təşkil edirdilər.

Əbədilik rüzgarı

Baykalın şərq sahilində keçmişə boylanmaq üçün daha bir nöqtə var. Yerli monqolların Rusiya səfirliyinin əməkdaşlarını qətlə yetirdikləri yerdə 1682-ci ildən bəri Səfir Spas-Preobrajenski monastırı fəaliyyət göstərir.

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Kilsədə Vəftizçi Yəhyanın, Müqəddəs Nikolayın və başqalarının bədən hissələrinin olduğu unikal sandıq qorunur. Onu yaşlı bir italyan xanım bağışlayıb. “Mən heç bilmirəm, niyə görə o bizə belə diqqət ayırıb, - Luka ata deyir. – Deyirlər ki, onun oğlu diplomatdır, bizim fəaliyyətimiz isə həmin sahəyə daxil deyil axı...”

Buryatiya: uçmayan lamalar, ömrü artırmağın sirləri - FOTO

Ziyarətçilər üçün memanxana da var. Düzdür, buraya əsasən yayda – külək zəif və mülayim olanda – gəlirlər.

* Materialın hazırlanmasında köməyinə görə Buryatiya Respublikasının İnformasiya Siyasəti Komitəsinə minnətdarlığımızı bildiririk.