BAKI, 10 aprel — Sputnik. Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində yenidənqurma işləri aparılıb.
Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqurma işləri Məzahir Rüstəmov küçəsində, həmçinin İnqilab İsmayılov küçəsinin 1 km-lik hissəsində aparılaraq yekunlaşdırılıb.
Eyni zamanda AAYDA tərəfindən uzunluğu 1.4 km, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri artıq yekunlaşdırılıb. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.
Yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.
Bundan başqa, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Layihə çərçivəsində küçə boyu xüsusi parkinq yerləri yaradılıb, avtobus dayanacaqları qurulub, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılıb.
Daha sonra küçənin asfaltlanması işləri aparılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri təqribən 15 min kv.m sahəni əhatə edib.
Anoloji işlər İnqilab İsmayılov küçəsinin təqribən 1 km-lik hissəsində də aparılıb, qalan hissədə isə davam etdirilir. Küçənin ümumi uzunluğu isə 2.9 km, eni isə ortalama təqribən 8 metr təşkil edir.
İşlərin sonuncu mərhələsində Məzahir Rüstəmov küçəsində, həmçinin İnqilab İsmayılov küçəsinin 1 km-lik hissəsində boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilib.
Hazırda İnqilab İsmayılov küçəsinin qalan 1.9 km-lik hissəsində yenidənqurma işləri davam etdirilir. Bütün işlər mövcud "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.