Operativ Qərargah Rusiyadan qayıtmaq istəyən vətəndaşlara müraciət edib

"Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiyadakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq"
Sputnik

BAKI, 10 aprel — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah Rusiyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

Operativ Qərargahdan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycandakı mövcud vəziyyət təhlil edilib və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədi ilə 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

"Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədi ilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq".

Məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək: "Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaq".