TƏHLİL

Bazarı birlikdə xilas edək: ABŞ neft hasilatını azaldır

Fitch reytinq agentliyinin analitikləri daha bədbin əhval-ruhiyyədədirlər: onların proqnozlarına görə, qara qızılın qiyməti "birrəqəmli minimumlara" çatacaq
Sputnik

BAKI, 9 aprel — Sputnik, Maksim Rubçenko. OPEC+ ölkələrinin energetika nazirlərinin bugünkü müşavirəsi alyansın tarixində ən vacib məsələlərdən birinə həsr ediləcək. Əsas mövzu neft hasilatının azaldılmasıdır ki, bir neçə həftə ərzində təxminən iki dəfə çökmüş qiymətlərin düşməsinin qarşısı alınsın. Lakin xüsusi razılaşmaları gözləməyə dəyməz.

OPEC neft hasilatını radikal şəkildə azaltmağı nəzərdən keçirir

Ərəb hiyləsi

Diskussiyalar kəskin olacaq, hərçənd neft hasilatının ümumi azaldılması artıq razılaşdırılıb: sutkada on milyon barel. Səudiyyə Ərəbistanı öz istehsalını üç milyon barelə qədər ixtisar etməyə hazırdır, BƏƏ, İraq və Rusiya isə yarım milyon bareldən təklif edir.

İlk baxışdan bu, Rusiya üçün tamamilə cəlbedicidir: aparıcı OPEC ölkələri səviyyəsindədir və Səudiyyə Ərəbistanından iki dəfə azdır. Demək, dünya neft bazarında Rusiyanın payı azalmayacaq.

Lakin ərəblər Moskvaya tələ hazırlayıblar. Axı, hesablama cari hasilat səviyyəsi əsasında aparılır və OPEC ölkələri aprel ayında istehsalı kəskin şəkildə artırıblar.

Xüsusən, Səudiyyə Ərəbistanı — 2,5 milyon barel. Beləliklə, Ər-Riyadın vəd etdiyi üç milyon cəmi yarım milyon olacaq.

BƏƏ hasilatı 1 milyon barel, İraq isə 200 min artırıb. Rusiya isə martdakı səviyyədə saxlayıb. Nəticədə, Moskva dövriyyədən 1,5 milyon barel, OPEC+ üzrə istənilən tərəfdaşından daha çox çıxarmaq məcburiyyətində qalacaq. Və bazarın bir hissəsini kartelə güzəştə getməli olacaq.

Moskvada bunu yaxşı başa düşürlər, ona görə də bugünkü danışıqlarda Rusiyanın əsas şərti mart hasilatının azaldılmasının hesablaması olacaq. Səudiyyə Ərəbistanı bununla razılaşmır və yeni OPEC+ razılaşmasının şansları sıfıra yaxındır.

Cümə gününə qədər yaşayacağıq

Bu dalandan çıxış yolu var. OPEC+ iştirakçılarını bazarı indiyədək yalnız hasilatı artıran amerikalılara güzəştə getmək perspektivi daha çox qorxudur.

Əgər ABŞ gələcək genişləndirmədən çəkinmək öhdəliyi götürsəydi, hər şey daha asan olardı. Lakin Vaşinqton OPEC+ danışıqlarında iştirak etmir.

Qələbə qazananadək müharibə: Söhbət COVİD-19-la mübarizədən getmir

Əvəzində, Amerikanın Energetika naziri Denni Bruyett sabah, aprelin 10-da "Böyük iyirmilik" ölkələrinin energetika nazirlərinin toplantısında iştirak edəcək. Bax, orada neft bazarının sabitləşməsinə kömək edən qərarlar qəbul etmək olar.

Doğrudur, Vaşinqton artıq xəbərdarlıq edib ki, özəl neft şirkətlərinə nə qədər neft çıxarmaq barədə göstəriş vermək hüququ yoxdur. Donald Trampın qeyd etdiyi kimi, burada hər kəs "təklif və tələb"i müəyyənləşdirir.

"Bu, avtomatik baş verir. Amerika şirkətləri artıq istehsalı azaldır və bu çox ciddidir", - deyə Amerika prezidenti bazar ertəsi bəyan edib.

Həqiqətən də çərşənbə axşamı ExxonMobil kapital qoyuluşlarının 30% azaldığını bəyan edib. Bu da gələn il neft hasilatını əsasən şist yataqları hesabına sutkada 100-150 min barel aşağı salacaq.

Chevron investisiyaları 20% azaltmağa hazırlaşır, o cümlədən şist maliyyələşməsindən imtina edir (onlara iki milyard dollar yönəltmək nəzərdə tutulurdu).

Continental Resources kimi ən iri şist şirkətlərindən biri də kənarda qalmayıb. "COVID-19 səbəbindən neft və neft məhsullarına qlobal tələbat 30% azalıb. Biz hasilatı aprel və may aylarında buna müvafiq olaraq azaldırıq", - deyə icraçı direktor Bill Berri bildirib.

"ABŞ neft sənayesi OPEC+ ölkələrinin israr etdiyi ixtisarlara başlayır. Əlbəttə, hər şey kapital xərclərinin aşağı qiymətlərinin təsiri ilə izah olunur. Amma görünür, bu, OPEC+-i tamamilə qane edəcək", — deyə Bloomberg-in energetika üzrə aparıcı müxbiri Javye Blas Twitter hesabında yazıb.

Çərşənbə günü ABŞ Enerji Məlumatları İdarəsi bu ilin neft hasilatının proqnozunu düzəldib: 12,99 deyil, sutkada 11,8 milyon barel. Bu azalma (təxminən 1,2 milyon barel) möcüzəvi şəkildə OPEC+ -da iştirak edəcəyi təqdirdə amerikalıların getmək məcburiyyətində qalacağı güzəştlə üst-üstə düşür.

Əgər cümə günü də razılığa gəlmək mümkün olmayacaqsa, bazarı güclü sarsıntılar gözləyir. "Biz hesab edirik ki, Brentin bir bareli aprel ayında on dollara düşəcək və ehtimal ki, ikinci rübdə də bu səviyyədə qalacaq", — IHS Markit analitik şirkətinin enerji məsləhətləşmələri üzrə vitse-prezidenti Viktor Şum deyir.

Fitch reytinq agentliyinin analitikləri daha bədbin əhval-ruhiyyədədirlər: onların proqnozlarına görə, qara qızılın qiyməti "birrəqəmli minimumlara" çatacaq.