CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəfn adı ilə evdən çıxanlara xəbərdarlıq

"Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar  xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və  hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək" - ASAN Xidmət
Sputnik

BAKI, 9 aprel — Sputnik. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib: "Bir daha xatırladırıq ki, "3" kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub.  Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub".

"Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və  hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək", - deyə verilən məlumatda bildirilib.