CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərpoçt" səyyar xidmətə başladı

Əsas məqsəd xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etməkdir
Sputnik

BAKI, 9 aprel — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC koronavirus (COVİD-19) xəstəliyi ilə mübarizə üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar vətəndaşlara səyyar xidmət də göstərir.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərdə bildirilir ki, əsas məqsəd xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etməkdir. Layihəyə Sabunçu rayonunun Zabrat və Ramana qəsəbələrindən start verilib. Səyyar poçt xidməti vasitəsi ilə vətəndaşlara maliyyə xidmətləri göstərilib. Vətəndaşlar rabitə və kommunal xidmət haqlarını, daxili, beynəlxalq pulköçürmələrini və bir çox digər xidmətlər üzrə ödənişləri həyata keçiriblər.  Bununla yanaşı, adıçəkilən qəsəbələrin sakinlərinə xüsusi karantin rejimində poçt xidmətlərindən istifadə qaydaları izah olunub, onların sualları cavablandırılıb.

Qeyd edək ki, "Azərpoçt" MMC tərəfindən həyata keçirilən səyyar xidmət növbəti günlərdə digər Bakıətrafı qəsəbələrdə davam etdiriləcək. Xatırladaq ki, əhaliyə göstərilən xidmətlərin fasiləsizliyinin təmin olunması üçün hazırkı dönəmdə də "Azərpoçt" MMC-nin müvafiq poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində növbəli iş rejimi davam etdirilir.