Azərbaycanda kimyəvi silah hazırlanması qadağan olunacaq

"Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
Sputnik

BAKI, 9 aprel — Sputnik. Koronavirus (COVID-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasları da bu qaydada keçirilməkdədir. Komitənin iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Ziyafət Əsgərov təqdim edib.

Keçirilən dörd iclasda "Sərhəd mühafizə orqanları haqqında", "Təhsil haqqında" və "Peşə təhsili haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında", "Elm haqqında" qanunlarda, "Hərbi xidmətçəkmə haqqında" Əsasnamədə, İnzibati Prosessual Məcəlləsində dəyişikliklər müzakirə edilib.

Həmçinin, iclaslarda "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında", "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihələri müzakirə edilib, deputatlar rəy və təkliflərini veriblər.

Müzakirəyə çıxarılmış qanun layihələri baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.