BAKI, 8 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azərmaş" MMC-dən 164 ədəd "Khazar LX" markalı minik avtomobili alması barədə mediada yayılan xəbərlərə aydınlıq gətirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, bəzi media orqanlarında ƏƏSMN tərəfindən "Azərmaş" MMC-dən "Khazar LX" markalı 164 avtomobilin alınacağı ilə bağlı məlumatlar yayılsa da, avtomobillərin hansı məqsədlə alınacağı qeyd edilməyib: "Bununla bağlı bildirirəm ki, nazirlik tərəfindən hər il olduğu kimi, bu il də Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təmin olunması nəzərdə tutulub. Alınacaq 164 avtomobil də Qarabağ müharibəsi əlillərinə veriləcək. Bir daha media orqanlarına hər hansı məlumatı yaymazdan əvvəl dəqiqləşdirmə aparmalarını tövsiyə edirik".
Qeyd edək ki, nazirlik buna görə 1 999 980 manat ödəniş edəcək. Başqa sözlə, hər avtomobil quruma 12 195 manata başa gələcək.