Koronavirus ən çox onları öldürür – Trampdan etiraf

"Biz bu problemi həll etmək üçün əlimizdən gələni edirik. Bu, böyük bir problemdir. Bu, dəhşətlidir", – Tramp bildirib
Sputnik

BAKI, 8 aprel — Sputnik. ABŞ Prezidenti Donald Tramp afroamerikalıların qeyri-mütənasib olaraq daha çox COVID-19 xəstəliyinə yoluxduğunu və bu xəstəlikdən öldüyünü etiraf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Hill" nəşri yazır.

"Mənlik deyil". Tramp qaydalara riayət etməyəcək

O, önümüzdəki günlərdə problemin miqyasını detallı şəkildə açıqlayacağını vəd edib.

"Biz bu problemi həll etmək üçün əlimizdən gələni edirik. Bu, böyük bir problemdir. Bu, dəhşətlidir", – Tramp Ağ Evdə brifinq zamanı jurnalistlərə bildirib.

O deyib ki, administrasiyası afroamerikalılara "dəstək verəcək", lakin əlavə təfərrüat verməyib.

Ağ Evin koronavirus üzrə operativ qrupunun üzvü Entoni Fauçi afroamerikalıların diabet, hipertoniya, piylənmə və astma kimi xəstəliklərə daha çox meylli olduğunu və bunun da COVID-19 xəstəliyinə yoluxma və ondan ölüm riskini artırdığını deyib.

"Bu, çox kədərlidir. Hazırda onlara bu fəsadlardan qaçmaq üçün ən yaxşı qayğını göstərməyə çalışmaqdan başqa edəcəyimiz heç bir şey yoxdur", - Fauçi bildirib.