Hər cinayətləri bitmişdi, indi də Allahın işinə əl atırlar

Terrorçular ilk dəfə deyil ki, öz çağırışlarında pandemiya mövzusuna müraciət edirlər. Martın 24-də onlar koronavirusu bütpərəstliyə görə cəza adlandırmışdılar
Sputnik

 

BAKI, 8 aprel — Sputnik. İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı koronavirusu "Allahın əsgəri" adlandırıb. Sputnik Azərbaycan "The Sun"-a istinadən xəbər verir ki, bu barədə məlumat İŞİD-in qərb ölkələri üçün hazırladığı təhdid plakatlarında yer alıb.

Plakatlarda insanlar "müqəddəs müharibəyə" çağırılırlar. Fon olaraq plakatlarda London və Çikaqo şəhərlərindən görüntü istifadə olunur.

Qeyd edək ki, terrorçular ilk dəfə deyil ki, öz çağırışlarında pandemiya mövzusuna müraciət edirlər. Belə ki, martın 24-də onlar koronavirusu bütpərəstliyə görə cəza adlandırıb və Uca Yaradanı "kafirlərin əzabını gücləndirməyə" çağırıblar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,4 milyonu keçib, 81 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.