CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömürlük məhkumların əfvində maraqlı məqam: "O zaman cəmiyyətdə ədalətə inam itər"

"Bu şəxslərin cəza müddətini necə çəkməsi, bu müddətdə özlərini necə aparması da nəzərə alınır" - Əliməmməd Nuriyev
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. "Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı 284 nəfərdir. Onların arasında qadınlar yoxdur. Çünki ölkə qanunvericiliyi də buna icazə vermir".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, 284 nəfərdən təxminən 10-12 nəfərinin yaşı 65-dən yuxarıdır: "Ömürlük azadlıqdan məhrum edilmə xüsusi ilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə verilir. İki və daha artıq şəxsi öldürən, yaxud da xüsusi amansızlıqla qətl törədən şəxslər də ömürlük azadlıqdan məhrum edilirlər".

"Bu şəxslərin cəza müddətini necə çəkməsi, bu müddətdə özlərini necə aparması da nəzərə alınır. Bundan başqa, onun azad edilməsi yenidən eyni tip hadisələrin baş verməsinə gətirib çıxara bilərmi kimi məsələlər ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin azad edilməsi zamanı nəzərə alınır. Bundan başqa, həmin şəxsin ictimai təhlükəlilik məsələsi də yoxlanılır. Vətənə xəyanət edib, yoxsa terror hadisələri törətmək istəyib - bunlar da nəzərə alınır. Ümumilikdə, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin azad edilməsi üçün bir çox amillər nəzərə alınmalıdır. Yəni bu şəxsin yaşının 65-dən yuxarı olması o demək deyil ki, həmin şəxs mütləq azad olunmalıdır. O zaman cəmiyyətdə ədalətə inam itər", - deyə Ə.Nuriyev əlavə edib.

Ə.Nuriyev deyir ki, bu gün məhbuslar əfv edilərkən bütün nüanslar nəzərə alınır: "Bu şəxslərin azad edilməsi üçün ilk olaraq həmin şəxslərin səhhəti nəzərə alınır. Məsələn, bu şəxslərin xroniki xəstəlikləri varmı, varsa, həmin xroniki xəstəliklər hansı fəsadlara yol aça bilər? Onun cəzasını nə qədər çəkməsi, cinayəti törədərkən digər şəxsin köməyi ilə hərəkət edib-etməməsi də nəzərə alınır. Ötən gün prezident tərəfindən azadlığa buraxılan şəxslər arasında ömürlük azadlıqdan məhrum olunanlar da var idi. Onların biri 24, digəri isə 25 il cəza çəkmişdi və hər ikisi yalnız bir ölüm hadisəsi törətmişdi".