CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 82 yaşlı pasiyent koronavirusdan sağaldı

Əgər yoluxanların sayı artsa və vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər
Sputnik

BAKI, 8 aprel — Sputnik. "Hazırda ölkə üzrə koronavirusa yoluxan aktiv xəstələrdən 37-nin durumu ağırdır. Onlardan 20-dən çoxu məhz "Yeni klinika"da müalicə alır".

Sputnik Azərbaycan bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, klinikanın açılışının səhəri günündən, yəni martın 27-dən etibarən koronavirusa yoluxan ağır xəstələr oraya yerləşdiriliblər.

R.Bayramlı həmçinin bildirib ki, koronavirusa yoluxmaların artması sosial məsuliyyətsizliyin nəticəsidir:

"Virusun inkubasiya dövrü 14-21 gündür. Görünür, bu dövrdə karantin rejiminin tələblərinə tam riayət edilməyib. Onu da qeyd edim ki, 2 yaşından 90 yaşına qədər virusa yoluxanlar var. Eyni zamanda, sağalanlar arasında 82 yaşlı pasiyentimiz də var. Orqanizmdən asılı olaraq xəstəliyin gedişi fərqli olur. Beynəlxalq təcrübə araşdırılır. Təcrübə göstərir ki, yanaşı gedən xəstəlikləri olanlar vəfat edirlər. Bizdə də vəziyyət belədir. Hədəfimiz də odur ki, yaşlıları qoruyaq”.

Öz növbəsində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, Azərbaycanda karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər: "Statistika göstərir ki, əksər vətəndaşlar karantin rejiminin qaydalarına əməl etmirlər. Əgər yoluxanların sayı artsa və vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər.

Təəssüf ki, bəzən qaydaları pozanlar arasında savadlı şəxslər də olur. Əgər vətəndaşlar qaydalara əməl etsələr, yoluxmanın sürəti azalar, sağalanların isə sayı artar".