CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maaşları da tam ödənəcək, vergidən də azad olunacaqlar - zərərdidələr üç qrupa bölündülər

Ekspert: "Daha çox zərər çəkən müəssisələrin muzdlu işçilərinin əmək haqlarının dövlət tərəfindən tam ödənilməsi (100%) nəzərdə tutulur"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. "COVID-19 pandemiyasından zərər çəkmiş müəssisələri 3 əsas qrup üzrə təsnifləşdirmək olar - daha çox zərər çəkən, əhəmiyyətli dərəcədə zərər çəkən və az zərər çəkən müəssisələr". Bunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev vergi güzəştlərindən danışarkən Sputnik Azərbaycan-a deyib.

O bildirib ki, əsasən pandemiyadan daha çox, 100 faiz zərər çəkmiş müəssisələrə vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

"Daha çox zərər çəkən müəssisələrin muzdlu işçilərinin əmək haqlarının dövlət tərəfindən tam ödənilməsi (100 faiz) nəzərdə tutulur. Əhəmiyyətli dərəcədə zərər çəkən müəssisələrin muzdlu işçilərinin əmək haqlarının 70 faizi dövlət tərəfindən kompensasiya ediləcək. Az zərər çəkən müəssisələrin muzdlu işçilərinin əmək haqlarının isə 50 faizinin dövlət tərəfindən kompensasiya edilməsi nəzərdə tutulur. Əmək haqları kompensasiya edilən zaman orta aylıq əmək haqqı (712 manat) nəzərə alınacaq".

Onun sözlərinə görə, pandemiyadan zərər çəkmiş mikro sahibkarlıq subyektlərinə və fərdi sahibkarlara bir neçə istiqamətdə vergi güzəştləri veriləcək: "Pandemiya dövründə onların sadələşdirilmiş vergisinə, eyni zamanda mənfəət (gəlir) vergisinə müəyyən güzəştlər ediləcək. Bundan başqa, bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi, bəzi vergi ödəyicilərinin isə müvafiq müddətə əmlak və torpaq vergisindən azadolma məsələsi var. Əmlak və torpaq vergisi illik hesablanan vergidir".

O bildirib ki, ictimai-iaşə obyektləri pandemiyadan 100 faiz zərər çəkmiş müəssisələr qrupuna aid edilib: "Şadlıq evləri, restoranlar və s. ictimai iaşə obyektləridir. Onlar bu dövrdə gəlir vergisindən azad ediləcək. Yəni ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi azaldılacaq, mənfəət (gəlir) vergisi ödəyiciləri isə gəlir vergisindən azad ediləcəklər. Vergi tətili deyəndə müəyyən müddətə onların gəlirlərinin vergiyə cəlb edilməməsi nəzərdə tutulur. Burada həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə də dəstək proqramı nəzərdə tutulur. Ümumilikdə bu fəaliyyətlərin həyata keçirilməsi üçün 2,5 milyard manat vəsait ayrılıb (ÜDM-in 3 faizi)".

Bu şəxslərə pul ayrılacaq: telefonu və elektron kabineti nəzarətdə saxlayın

"Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramında vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması nəzərdə tutulur. Məsələn, gəlir vergisi ödəyiciləri martın 31-dək hesabatı təqdim etməli idilər, amma bunun müddəti aprelin 6-dək uzadıldı", - deyə o qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti aprelin 4-də "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib.

Tədbirlər Planı üç - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyi istiqamətlərini əhatə edir.