İQTİSADİYYAT

Nağd ödəniş qadağandır: yardımların verilmə qaydası açıqlandı

Ekspert: "50 min vətəndaş üçün haqqı ödənilən ictimai iş yeri yaradılacaq. Ola bilər, haqqı ödənilən ictimai iş yerinin yaradılması pandemiya dövründə işsiz vəziyyətə düşənlərə, hansı ki, əmək müqaviləsi olmadan, qeyri-rəsmi işləyirdilər, onlara şamil edilsin"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Nazirlər Kabineti aprelin 4-də "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nı təsdiq edib.

Kimlər işsiz sayılmır - Rəsmi cavab

Sputnik Azərbaycan xəbər verir ki, Tədbirlər Planında məşğulluq və sosial rifaha dəstək istiqaməti də öz əksini tapıb. Bu istiqamətdə əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanmasıdır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında Tədbirlər Planında məşğulluq və sosial rifaha dəstək istiqamətini şərh edib.

O bildirib ki, 2020-ci ilin aprel-may aylarında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni, 190 manat birdəfəlik ödəniş veriləcək: "Bunun üçün dövlət tərəfindən 70 milyon manat ayrılacaq. Həmin şəxslər Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınacaqlar. Həmin şəxslər işsiz kimi qeydiyyatdan keçəndən sonra onlara kart veriləcək və 190 manat həmin karta köçürüləcək. Həmin şəxslərə məlumat veriləcək.

Onlar ya məşğulluq xidməti orqanlarına gedəcəklər, ya da məsələ onlayn həll ediləcək. Ola bilər, koronavirus pandemiyası ilə əlaqədar onlayn qaydada məşğulluq xidməti orqanlarına müraciət edilsin. Mövcud sistemə görə, işsiz kimi qeydiyyatdan keçənlərə bank kartı verilir və onların pulu karta köçürülür. Çünki "Nağdsız hesablaşmalar haqqında" qanunla dövlət vəsaitinin nağd şəkildə verilməsi qadağandır".

O bildirib ki, 2020-ci ilin aprel-may ayları ərzində 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi nəzərdə tutulur: "50 min vətəndaş üçün haqqı ödənilən ictimai iş yeri yaradılacaq. Bunun üçün 30 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Ola bilər, haqqı ödənilən ictimai iş yerinin yaradılması pandemiya dövründə işsiz vəziyyətə düşənlərə, hansı ki, əmək müqaviləsi olmadan, qeyri-rəsmi işləyirdilər, onlara şamil edilsin. Məsələn, evdə tibbi maskaların tikilməsi və s. - onlar ictimai işlərə cəlb ediləcək və aylıq əmək haqqı alacaqlar".

"2020-ci il ərzində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub. Bundan başqa, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq və bu məqsədlə 10 milyon manatın ayrılması nəzərdə tutulub. Eyni zamanda İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi nəzərdə tutulub. Bu, 11 min vətəndaşı əhatə edəcək və 70 milyon manat vəsait bu istiqamətə ayrılacaq. Məsələn, şəxs dərzidirsə, ona tikiş maşını veriləcək", - deyə ekspert qeyd edib.

O bildirib ki, burada ünvanlı sosial yardım ilə bağlı məsələ də öz əksini tapıb: "Belə ki, ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Yəni indiyədək ünvanlı sosial yardım alanların bəzilərinə yardımın verilməsinin vaxtı bitir. İndi bu yardımın verilməsinin vaxtı uzadılır. Bu, 62 min vətəndaşı əhatə edəcək. Eyni zamanda işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizmi yaradılması da nəzərdə tutulur".

Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da verilə bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.

Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq "e-xidmətlər" bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" xidmətini seçməlidir.

Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.

Qeyd edək ki, Tədbirlər Planı üç - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyi istiqamətlərini əhatə edir.