BAKI, 7 aprel — Sputnik. OPEC+ görüşünün ərəfəsində neft qiymətləri inamla artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Səhər saatlarında "Brent" neftinin iyun fyuçerslərinin qiyməti 3 faiz artaraq 34,04 dollara çatıb. "WTI" neftinin may fyuçerslərinin qiyməti isə 3,53 faiz artıb və 27 dollar səviyyəsində qərarlaşıb.
Sərmayədarlar ümid edirlər ki, OPEC+ iştirakçıları aprelin 9-da keçiriləcək görüşdə neft hasilatının azaldılması ilə bağlı yeni saziş əldə edəcəklər ki, bu da bazarı sabitləşdirməyə kömək edəcək.
OPEC+ ölkələri martın 6-da yeni saziş bağlaya bilməyiblər. Nəticədə, aprelin 1-dən hasilata qoyulmuş məhdudiyyətlər qaldırılıb. Koronavirus səbəbindən qlobal tələbatın azalması ilə birlikdə bu, neft bazarında qiymətlərin düşməsinə səbəb olub.