CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimlər işsiz sayılmır - Rəsmi cavab

Birdəfəlik ödəmə işsiz statusuna uyğun olmayanlar və dövlətdən hər hansı sosial ödəniş alanlar üçün nəzərdə tutulmayıb
Sputnik

BAKI, 7 aprel — Sputnik. Son 2 gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlili göstərir ki, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a  verilən məlumata görə, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur.

Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir:

- Muzdla (əmək müqaviləsi ilə) işləyənlər;

- Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər;

- Sahibkarlar (VÖEN-i olanlar);

- Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);

- Əyani təhsil alan tələbələr

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b.

Qeyd edilib ki, məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır:

"Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.

İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" e-xidməti tərəfindən aparılır.

Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.

Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq və yuxarıda qeyd olunan işsiz statusuna uyğun gələn şəxslər elektron qaydada müraciətlərini edə bilərlər".