CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rekordçu ata və azyaşlı oğlu müəyyən edilib

Vətəndaşlardan belə hallara yol verməməyi tələb edərək bildiririk ki, əks halda, bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Qısa müddətdə yaradılan "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan "8103" qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz smslər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abonəçisinin "8103" nömrəsinə icazə almaq üçün 90-na yaxın sms göndərdiyi barədə məlumat verilib. Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov olduğu müəyyən edilib. Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində "8103" xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu 5-ci sinif şagirdi U.Bəhramlı tərəfindən smslər göndərildiyini bildirib.

Rekordçu ata və azyaşlı oğlu müəyyən edilib

Məsuliyyətsiz davrandığına və və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.

Qeyd edək ki, qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin "8103" yönləndirilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara vaxtında cavab mesajının göndərilməsinə maneə törədir. Vətəndaşlardan belə hallara yol verməməyi tələb edərək bildiririk ki, əks halda, bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.